TRAMVAY DAYANACAĞI

Daha yağışda tələsik çıxıb, gölməçələrə ayağımı basıb, tramvaya tələsmirəm. Yoxdur o tramvay daha. Yoxdur Krakov. Yoxdur mən və Krakov. Yoxdur ruh əkizim. Yoxdur daha Krakovlu günlərim. Vəssalam. Heç doymadan bitdi.

 

Mətndə drama çox olacaq. Zəhmət olmasa, gözü drama götürməyənlər, yazını bağlayın.

Gördüm bu halımdan çıxa bilmirəm, oturdum yazmaq üçün masaya. Bağışlasın məni instagram əhli, mən amma orada fikir bölüşə bilmirəm. Süni gəlir. Alınmır. Elə çərçivələrlə dolu bir şəbəkədir ora. Ona görə qayıtdım bura. Düşünürəm yazılarım səmimi olaraq kimə maraqlıdırsa, o da burada oxuyacaq. Yoxsa, linkə klik edib, keçib, oxumağa həvəsi olmayanlar üçün niyə yazılarımı paylaşım ki? 

Dır-dır deyinməklər bitdi. Söz.

Qış fəslidir. Həyatımın ən uzun qış fəsli. Özümü itirib, tapa bilmədiyim qış. Sanki çovğun olub, yolda qalmışam, evə gedə bilmirəm. Qar da dayanmadan yağır üzərimə. Sonda qardan yaranan təpəciyin içində donub qalıram. Və tərpənə bilmirəm. Gözlərim bağlı olsa da, o soyuğu, o ağrını hiss edirəm. Evə gedib çıxmaq istəyim və buna can atmağım heç bir işə yaramır. Sonda "Shining" filmində donub qalan Jack Nicholson kimi oluram. Bir müddət sonra isə o vəziyyətə alışıram. Bədənim donsa da, ruhum hələ də ağrı içində qıvrılır. O dona bilmir. O hələ də çırpınır. Çünki zəif olmadığını bilir. Çünki inanır. Kimi aldadıram axı, o da təslim olub artıq...

Mən üşüməyi sevirəm. Çünki özümü isitmək üçün 1001 vasitəm var. Kitablar, ailəm ilə keçirdiyim isti axşamlar, dadlı yeməklər, kakao və ya hər hansı bir isti içki, yun corablar, kitablar, filmlər, bayram və daha nələr nələr.. Bu qış isə mən isinə bilmirəm. Heç bir addımım kömək etmir.. Çox üşüyürəm, dostlar. çox. Hər zaman yazı yazmağa başladıqda, istər-istəməz həmən an ətrafımda ruhum məni qucaqlayaraq isidərdi. İndi təkəm. İndi yazarkən belə, əllərim donur. Ruhum o qarlı təpəcikdə donub qalıb.. 

Yarım il əvvəl yeni ölkəyə, şəhərə köçdük. Krakov ilə sağollaşıb, onu geridə qoyub, yola düşdüm. Ayrılan zaman artıq, bu anın tez bitməsini istəyirdim. Çünki bilirdim, əmin idim ki, bir az daha təkid etsə idi, Krakov, qalacaqdım. Ağlayaraq razılaşdığım, lakin heç hazır olmadığımdan əmin olan mən, Niderlanda köçdüm. 

"Pərihan, drama eləmə, güclü ol, qabağa baxmaq lazımdır, belə şansı əldən qaçırmaq olmaz, axmaqlıq etmə" beynimdə danışan səs məni yoldan çıxartdı. Ürəyimə qulaq asmadım bu dəfə.. Çox cringe(ət tökən) səslənsə də, bu belə idi. Həmin gün yadımdadır. Yataqdan dura bilmədim bütün gün. Ağlayaraq, yuxuya gedirdim, arada bir qızımın səsinə oyanırdım. O məni öpür, qayğıma qalmağa çalışırdı.. Mən, mən isə zəif, aciz şəkildə orda uzanmışdım. Sizə necə izah edəcəyimi bilmirəm, amma bu adi ayrılmaq draması deyildi. Mən sadəcə hiss edirdim.. Hiss edirdim ki, mən böyük bir xatirələr kitabı qoyub gedirəm. Tədricən unuta biləcəyim, amma ruhumun dərinliklərində qığılcımlar kimi yaşayan xatirələr toplusu. Və hər pis anımda o qığılcımlar bir yerə yığışıb məni diriltməyə çalışacaqlar.. Ona görə gözləyirəm.. Gözləyirəm ki, onlar gəlsin və donmuş məni isidib yenə qucaqlasın..

 

Gözləyirəm. Gözləyirəm, çünki Krakov məşğuldur.. O, qış ayında ona ehtiyac olanları isitməyə çalışır.. Sehrini indi onlara sərf edir.. Mən axı uzaqdayam.. Mən şimaldayam.. Daha da qərbdəyəm.. Mən dənizə yaxınam.. Dalğaların və qağayıların səsi səsimi batırır.. Mən şimaldayam, amma bura bir qar dənəciyi belə düşmür.. Bəlkə qar yağmış olsaydı, bir ulduz dənəciyini tutub, qulağına pıçıldayardım..:

 

Kimə desən ki, Niderlanda köçən bir qız var, hər xəyalını orada reallaşdıra bilən bir qız yaşayır, amma o qız Krakova görə ağlayır və Niderland ilə yola getmir, dəlidir deyib keçərlər yəqin. Ən xoşbəxt insanların yaşadığı bir yerdə, hamının can atdığı bu torpaqlar mənimlə ünsiyyət qura bilmir. Ya da əksinə, mən onunla dil tapa bilmirəm.. Burada yaşadığım problemlərə görə deyil bu. Bundan da artıq, ağır günlər yaşamışam mən Krakovda, amma kimə deyirəm, anlayan ki, məni yox. 

Krakov mənim üçün bir şəhər deyil ki, Krakov mənəm. Bağışlasın məni Bakı, amma 27 ilimi orda yaşasam da, Krakovun 3 ilinə belə yaxın dura bilməz. Hər küçəsini gəzdikcə xoşbəxt olan, sevincindən kövrələn birisi olaraq deyirəm bunu.. 

Azad idim mən orda. Ruhum azad, özüm azad! Dostlar, bu şəhər sevdası deyil, inanın mənə. Heç başqa cür sizə bunu sübut edə bilməyəcəm. Sadəcə inanın. 

Amma bugün bir möcüzə baş verdi.. Qısa bir zaman çəkdi.. Amma oldu.. Özümü məcbur edərək, evdən çıxmışdım bu gün. Evə qayıdarkən, bir kitab, kino qəhrəmanına rast gəldim.. 50-55 yaşlarında olan bir kişi yol ilə gedirdi. Sol qolunun altında bir qutu var idi, sağ əli ilə də yanında sadiq dost kimi gedən, qara itinin ipini tutmuşdu. Qaməti düz, saçları ağ olan bu qəhrəman, mənə vaxtı ilə möhtəşəm musiqi qrupunda ifa edən, gözəl qitara çalan, lakin indi tütün iyi qoxmuş mənzilində iti ilə yalnız yaşayan biri kimi təsvir yaratdı.. Uzunboğaz çəkməsinin içinə saldığı qara cinsi və dəri gödəkcəsi ilə üz tutmuşdu gedirdi.. O qutunun üzərinə baxıb, nə olduğunu maraq etdim.. Və sizcə nə idi? 90-cı illərin radio maqnitafonu! Çantamda fotokameram ilə, telefonum olsa belə əllərim dolu idi və mə bu anı çəkə bilmədim.. Old rockstar gedirdi mən isə artıq onun iri addımlarına çata bilmirdim.. Çox keçmədi ki, gözdən itdi.. Bilmirəm niyə bu qarşılaşma mənə möcüzə kimi gəldi, ya da yox bilirəm. O old rockstar Krakov idi. İnsan cildinə girmiş Krakov..  O Krakov idi..

 

Amma o getdi.. Mən ona çata bilmədim.. Sonda isə  mən yenə üşüyərək, tək qaldım.. 

 

Dostlar. qayıtdım ki, bir əlavə edim. Bu son nöqtəni qoyduğum an, playlist-imdə digər mahnıya keçid edildi. Sizcə bəs hansı mahnı? Queen: A kind of Magic. Möcüzə hər zaman var.. Yetər ki, inanaq..