BELÇİKA: ANTWERPEN-KESSEL, LİER.

Dedim, Belçika səfəri haqqında yazım bu dəfə. Kiçik, amma yenə də ən yadda qalan səyahətlərdən oldu. Xatirələr rəfinə daha bir xatirə əlavə etdik. Xatirələr isə, mənim fikrimcə bizi gələcəyə doğru aparan yollardan biridir. Nəsə tipik fəlsəfi cümlə oldu. Hm, tez qayıdım özümə. Hə, nə deyirdim axı, uzun ara verdim yenə, yazmırdım, halbuki sizin ilə paylaşmaq istədiyim çox söhbətlər var, lakin nəsə. heç cür alınmadı danışmaq. Adətən evdə alınmır məndə fikirlərimi toparlamaq, məlum bir ildi evdəyik. Belə görürəm hələ bu adını çəkmək istəmədiyim, (siz bildiniz nədən söhbət gedir, özümü lap HP qəhramanı kimi apardım. Amma bir sehirbaza necə ehtiyacımız var, gəlsin xilas etsin bizi) davam edəcək, mən də dedim özümü toparlayıb, başlayım yazmağa. Lakin motivasiya olmadan olmazdı. Motivasiyamı isə qar yaratdı və hal-hazırda çöldə baş verən çovğun da lap həvəsimi qaldırdı pikə. Nə edim, mənimki də hava ilədi. İnanmazsınız, beş dəqiqədən bir durub pəncərəni açıb, o soyuq küləyi. qarı evə buraxıram, dərindən nəfəs alıb, qayıdıram işimin başına. Onlardan biri də, məhz bu məqaləni yazmaqdı. Çayım hazır, başladıq. Hə, bu dəfə çaydır. 

 

Həmin səyahət zamanı, biz Amsterdamda idik. Dostlarla günlər keçirdikdən sonra. Belçikanın Antverpen vilayətinə üz tutduq. Orada kiçik, Kessel şəhərində ev kirayə etmişdik. Məqsəd hamıdan uzaqda, səs-küydən kənar bir yerdə təbiətlə tək qalmaq idi. Evi seçdik, qatara biletləri aldıq, yüngül əl idman çantası ilə üz tutduq uzaqlara. Belçikaya ilk səfərimiz idi. Demək fərqli bir millətlə tanış olmaq həyacanı da var idi. Antverpendə düşüb, digər qatara mindik. Budur çatdıq, Kessel dəmiryol vağzalına. Düşən kimi hiss etdim ki, necə yadıq burda. Şəhərdən çox mənə kənd yerini xatırlatdı. Hamının bir-birini tanıdığı bir kənd. Ev sahibəsi bizə evi necə tapacağımızı izah etmişdi. Taksi nömrəsi də vermişdi ki, qatardan sonra onunla gedək. Əvvəl özü bizi qarşılamaq istəyirdi, lakin zamanlarımız uyğun gəlmədi. Beleliklə düşdük, əvvəl taksini yoxlamaq istədik. İlk zəng ilə niyəsə alınmadı, ingilis dilində bilmirdilər və hətta başqa şəhərdə olan ofislərinə düşmüşdük. Hər nə isə, dedik uzaq deyil, 5-6 kmdi, ayaqla gedək. Həm də ətrafı görərik. Oh, bu bir az göründüyündən çətin oldu. O da ki, havaya görə. Avqust ayı, günəşin ən qızmar vaxtı, özümüz də istidən əriyən biri. Yüngül çanta isə ağır yük kimi özünü apardı. Əvvəl səliqəli, oyuncaq ev kimi qırmızı, yaşıl damlı evlərin yanı ilə düz düşürdük üzü evə doğru. Yol düz idi, heç bir döngədən dönməli deyildik. Eləcə düz gedib evə rast gəlməli idik. Biz əvvəl kefi kök gedirik, düşünürük yolda da hardasa oturarıq, sərin içki içərik, olmadı dükan çıxar qarşımıza su alarıq. Ha! Küçədə heç kəs yox idi. Heç kəs. Belə anladım istidən hamı evində sərinlənirdi. Bir biz idik düşmüşdük yola. Evlərin yanı ilə də getdikcə, hər həyətdən bir it hürürdü bizə, sonra pəncərədən pərdəni aralayıb kimsə baxırdı ki, kimdi bu yad. Çöldə bir nəfər belə olmasa da, itlərin sayəsində bu kiçik şəhərin sakinləri bildi ki, yad kimsə təşrif buyurub. Özümü qəribə hiss edirdim. Sanki gündüz yuxularından oyatdıq, narahat etdik. 

Belə bir 3 km getdikdən sonra uzaqdan bir kafenin qarşısında oturan insanlar gördük. Sevindik. Sərinlənə bilərik. 3 saata yaxın da qatarla getmişdik. Yaxınlaşdıqda gördük ki, çöldə oturanlar nənə-babalardı, özü də əməlli yaşlı nənə-baba. Pivə içirdilər, o stoldan bu stola da danışırdılar bir-birləri ilə. Biz yaxınlaşanda sükut düşdü. Başdan ayağa süzüldük. Anladıq ki, burda da otura bilməyəcəyik, nəsə, hörmətlə salam verib, dayanmadan düz keçdik.  Yolun qalan hissəsi qarğıdalı sahəsinin yanı ilə keçdi. Hərdən istəyirdik əl ilə maşın saxlayaq, autostop edək. Sən demə sahibənin dediyi ilə, google map-in bildiyi eyni yer deyilmiş. Çünki həmən yerə çatdıqda, anladıq ki, burda ev yoxdu. Hələ bir az da getməli imişik. Yolda da heç kəs yox idi ki, soruşaq. Sizi çox yormayım, gəldik çatdıq. Sahibənin dediyi kimi, açarları tapıb evə daxil olduq. 

Ev haqqında çox ətraflı yazmayacam. Şəkillərdən özünüz baxıb, nəticə çıxara biləcəksiniz. Onu qeyd edim ki, arzuladığım, təsvir etdiyim kimi idi. Maşın yolundan kənar, agacların dərinliklərində iki ev gördük. Sahibə ilə yazışanda, bizə qeyd etmişdi ki, kiçik damlı ev bizimdi. Evə daxil olarkən, ayaqların altında qalan cırıltılı taxta döşəmə mənə ele kiçik sevinc verir ki... Əvvəl işıqlı bir mətbəx və oturma otağı çıxır qarşına. Solda qədim bir taxta və şüşəli bir bufet, sağda da kitab rəfləri var idi. Kreslonun yanında yerləşən kiçik kofe stolunda bir məktub gördük. Orada evin qaydaları, bitkilərin sulanma tarixləri və həyətdə iki pişiyin olduğu qeyd edilmişdi. Çöl qapı ilə üzbəüz evin digər tərəfində, pəncərənin qarşısında iş stolu qoyulmuşdu. Yataq otağı ikinci mərtəbədə, daha  doğrusu çardaqda yerləşirdi. Həyətə çıxdıqda böyük bir çəmənlik, agaclı bir sahə ilə üzbəüz qalırdın. Sahibə evdə olmadığından, həyətin qapısını açan kimi, pişiklər qonaq gəldi :) (Digər evdə sahibənin özü qalırdı)

Həmin gün evdən çox uzaqlaşmadıq, ətrafı görmək üçün bir az gəzib geri qayıtdıq, dincəlmək bu səfərdə əsas hədəf idi. Həmin gün ev sahibəsi ilə rastlaşmadıq. Evdə yox idi. Gecə biz yatandan sonra gəldi deyəsən. Çünki ətraf qaranlıq idi. Yəni zülmət idi. Bizim evdən ancaq işıq gəlirdi. Səssizlik. Sanki qışqırsaq səsimizi eşidən olmayacaqdı. Qorxu filminə baxıb, yatmaq ən yaxşı fikir deyildi. Amma bu adrenalini yaşamalı idim :)

 

Qaldığımız növbəti günlərdə ev sahibi ilə tanış olduq. Tək yaşlı bir qadındı. Əsas dili flamand dilidi, lakin alman, holland, ispan, fransız və ingilis dillərində də danışa bilir.(wooow) Bostana baxır, yoqa ilə, meditasiya məşğul olur. İşi isə insanların bir-biri ilə danışaraq anlaşması üçün şərait yaratmaqdı. Yəni misal üçün, məktəbdə iki şagird arasında münaqişə baş veribsə, bir- biri ilə yola gedə bilmirsə, zəng edirlər nənəyə, gəlir həll edir məsəsləni. Görün camat nə işlərlə məşğuldur. Maraqlı həyat deyirəm sizə! 

 

Bostandan bizə yunan qabağı (zucchini) verdi, mən də ondan omlet elədim. Bu səyahət haqqında yazacağım çox məlumat yoxdu, çünki evdən az çıxdıq. Yalnız bir dəfə yaxınlıqda yerləşən digər şəhərə getdik, o da yemək üçün nəsə almağa. Orda da gedib türk dükanı tapdıq. İçi dolu türk ilə. Halbuki kiçik bir şəhərdi. Nənələr-babalar ilə dolu bir şəhər. Gözəl, qotik bir şəhərdi. Brugge kimi. Kafe və restoranlar yalnız müəyyən saatlarda işləyir. Adətən axşam yeməyi üçün açılırlar. Belə amma içki içmək üçün xidmət edən məkanlar var. Tanıdığımız heç bir yemək brendinə, geyim dükanına rast gəlmədik. Hamısı yerli, özü də kifayət qədər bahalı  geyim dükanları. Sanki ancaq nənə-babaların təqaüdlərinə uyğun:) Camaatın təqaüdünə baxın siz. Nə mcdonald taparsan, nə də pizza hut. Ancaq yerli istehsal. Xülasə, heçnəyə baxmayaraq gözəl bir italyan restoranında yeməyimizi yeyib qayıtdıq evə. 

Bu bizim pandemiyadan əvvəl son səfərimiz idi. Bir il yarım əvvəl. Və düşünürəm yaxşı ki, imkan tapıb qızımızı nənə-babası ilə qoyub bu səfərə qərar verdik. Çünki biz bilməsək də, qarşıda bizi uzun, baxçaların bağlı olacağı bir il gözləyirdi. İndi əlimdə olsa idi, o evdə minimum 2 həftəlik dincələrdim. Amma necə deyərlər, son yeniliklərə görə biz daha plan qurmuruq, hətta arzularımıza da diqqət edirik.

Lakin yenə də inanıram ki, tezliklə hamımız yenə qatarla, təyyarə ilə səyahətlər edib, yeni xatirələr toplayacağıq. 

P.S. Unutmadan, Antverpen  haqqında bir-iki cümlə yazmaq istədim. Bir qatardan düşüb digər qatara minmək üçün 2 saat zamanımız var idi. Dedik bir az ətrafı gəzib və bir fincan isti içki içə bilərik. Bəli, bir neçə gün əvvəl istidən danışırdım, lakin həmən gün elə hava sərinləyib, çiskinlədi. Bax budur, daim isti olmadan, hava tez sərinləyir, insana bir az zaman verir ki, istidən dincəlsin, eyni zamanda isti üçün yenə darıxsın. Pf, yenə getdim çıxdım havaya. Biri məni artıq dayandırsın...! Hə, nə deyirdim, Antverpen. Qatardan düşən kimi ikimiz bir anda ətrafa baxıb: " Vauuuu" elədik! Dəmiryolunun arxitekturası çox gözəl idi, yox möhtəşəm idi. Ola bilər, bəlkə mən gördüyüm dəmiryol vağzalların ən gözəli idi, lakin adınə search edəndə gördüm ki, yox, dünyada elə ən gözəl vağzallardan biridir. 2009-cu ildə 4-cü yer tutmuşdu. Beləcə orda bir şəkil də çəkdirmək lazım idi. O məsələni də həll etdik, vağzalı gəzdik, gözəl hisslərlə yollandıq kafe axtarışına.

P.P.S. Siz də öz son səyahətiniz haqqında bir-iki  cümlə rəylərdə qeyd etsəniz, bəlkə beləliklə yolların açılması üçün bir enerji göndərmiş olarıq, hə? 

Pinterest-də bu şəkli görüb, xəyal etmişdim. Nisbətən reallaşdıra bildim :P