BIR AZAD BULUD

Gec olmadan gəldim, dostlar. Uzun sürən qara buludlu, sakit, hədsiz sakit havadan sonra külək əsdi və yağış yağdı, mən isə dərindən nəfəs almağa başladım yenə. Nəfəsim elə dərin oldu ki, düşündüm bir şans daha verə bilərəm özümə. Özümdən qaçmamaq üçün, özümü qəbul etmək üçün. Bilirəm, yenə təslim olacam, yenə əlimlə yelləyib keçəcəm, yenə qəzəbli olacam, yenə və yenə..

 

Soyuq su. Bu axşam içkim soyuq sudur. Üşüyürəm və soyuq su içirəm. Soyuq aylarda çox su içmək kimi bir sevgim yoxdur, amma bədənim, beynim, ruhum indi soyuq su tələb etdi. Soyuq su. Azad, şəffaf, həyat dolu su. Bəlkə mənim də xəbərim olmadan, bu həyat dolu suyun mənə kömək edəcəyini düşündüm. Bəlkə elə bu su sayəsində bu sətirləri yazmaq üçün bu masa qarşısına əyləşdim, hər növbəti sözün nə olduğunu bilmədən, yazının sonu necə bitəcəyindən xəbərsiz yenə yazmağa başladım. Hər bir yazım olduğu kimi. 

 

2 ay sonra ilk dəfə tək gəzintiyə çıxdım. Özümü məcbur bir şəkildə çölə atdım. Budur yenə botlarım və mən.

Əvvəl tək qalmağa qorxdum. Telefonda kimlə danışa biləcəyimi düşünüb bir-bir yığdım. Bir zəngdən sonra anladım ki, bundan sonra təkliyimlə qalıb, onu dinləməliyəm. Ala-toran bir axşamda, heçkimsəsiz bir küçədə, dayanıb başımı qaldırdım səmaya doğru və o qaçan buludlara baxdım..   Buludlar sürətlə qaçırdı. Baxdım və necə oldu bilmədim, boğulan sinəmdə buludu hiss etdim. Bulud oldum. Bəli, belə asan. Bulud oldum. İndi o küçələrdə gəzən, dayanıb hər vitrinə baxan, onları maraqla izləyən, hər evin naxışlarına baxan, hər şüşəbəndə baxıb sevinən bir bulud idi.

 

Bulud gördü ki, yerdə sönən bir canlı var, bir göz qırpımında onun yerinə keçdi. Bir müddət onun yerinə yaşamağı seçdi. Yerdən səmaya doğru baxacaq bir müddət. Ya da səmanı unudub, ətrafda gördüyü yeni həyatı öyrənməyə çalışacaq? Yerinə keçdiyi bu insan vücudunun niyə bu qədər sönmüş olduğunu araşdıracaq?

Lakin bulud çox dözmədi. Bulud insanı tərk etdi. Vücudunu tərk edib üzü səmaya doğru uçmağa başladı, lakin birdən yerdə qoyduğu insana baxıb dayandı. O insan vitrinlərin qarşısında dayanmışdı. Heç yerə tərpənmirdi. Lakin birdən, bir addım qabağa hoppanaraq, gözlərini qıyıb bir yazını oxumağa başladı. İnsan, dodağının kənarı ilə gülümsədi. Daha sonra, insan iri addımlarla üz tutdu göy yazılı bir şüşə qapıya doğru və  o qapıların arxasında gözdən itdi, bulud əvvəl onun arxasıyca getmək istədi, lakin gec olmadan dayandı. Ora qapalı bir məkan idi. Buludlar üçün qapalı məkan qadağa olunmuş bir yer idi. O gözlədi. İnsan çox özünü gözlətdirəmədi. Budur, əlində güllər ilə, telefon ilə danışa-danışa çıxdı. Və o insan gülürdü, telofonu cibinə qoyduqdan sonra yenə təbəssüm getdi. Bulud anlamadı. Təbəssüm necə belə sürətlə peyda olub, sonra itə bilər axı. İnsan gülləri özünə sıxaraq, üz tutdu səsli küçəyə doğru. Bütün bu müddət boyu bulud, onu izləyirdi. İnsan əvvəl yolu keçdi, daha sonra sağa döndü. Bir qapı qarşısında dayandı. Ətraf artıq qaralmışdı. İnsan geri döndü, binanın arxa küçəsinə keçib, yavaş addımlarla, bina ətrafında dövrə vurdu. Bulud əvvəl anlamadı. Lakin sonra nələr baş verdiyini başa düşməyə başladı. İnsan zamanı uzatmaq istəyirdi. İnsan zamanda qalmaq istəyirdi. İnsan o qapını açmağa tərəddüd edirdi. İnsan başını qaldırıb, qapının üzərində zəif işıq gələn pəncərəyə baxdı və sonra təbəssüm ilə qapını açdı və qaranlıqda itdi. Bulud bilmirdi, bilmirdi insan o şüşə qapı kimi, bu qapıdan da tez geri qayıdacaq, yoxsa heç gəlməyəcək? 
 

İnsan qayıtmadı. Lakin bulud insanı o zəif, sarı işıq gələn pəncərədə gördü. İnsan tələsirdi, bir neçə dəqiqə əvvəl küçədə olduğu kimi zamanı durdurmağa çalışmırdı. İnsan əvvəl gülləri pəncərəyə qoydu, daha sonra əyilib, ondan daha kiçik olan insanı qucağına aldı. Daha sonra gözdən itdilər. Bulud daha insanı görmədi. Bulud artıq yorulmuşdu. Bulud susamışdı. Bulud artıq yeri tərk etməli idi. Amma o insanı qoyub getmək istəmirdi... 

 

Bulud su içmək üçün səmaya doğru üz tutdu.. Soyuq, şaffaf suyu dadmaq üçün.  Bulud amma xəbərsiz idi. Xəbərsiz idi ki, qaranlıq pəncərədən ona baxan insan da onunla birgə səmaya uçub, sudan bir qurtum almaq istəyirdi.. 

 

Babamın əziz xatirəsinə...