Evdən çıxaraq, gölməçələrə fikir veməyib, gecikdiyim tramvayın dayanacağına doğru qaçdım. Tramvaya daxil olanda nənələrin gözləri maraqla məni süzdülər. Hih, tax nənələr, nənələr :) Onlara fikir verməməyə çalışaraq biletimi axtarmağa başladım. Hardasa çantamda olmalıdı, axı harda idi, iki gün əvvəl 4 ədəd alıb tələsik atdım bura. Son zamanlar vaxtında yerinə qoymadığım üçün əşyaları axtarmağa xeyli zaman xərcləyirəm. Aha! Tapdım, bilirdim burda olduğunu, indi qaldı bilet dişləyən aparatı tapmaq.
Oturmaq üçün boş yer axtardım. Yolum uzun idi. Fikirlərim də dolu, gərək oturum. Tramvayın yağışdan sonra ləkəli pəncərisindən dünyaya başladım baxmağa. Bu ləkələrlə bir başqa həzz idi seyr etmək. Tək qalanda çox zaman yaşadığım dəqiqələr hansısa keçmişimdən olan günü yadıma salırdı. Bu yaz yağışı isə nənəgildə bağlı eyvanda oturub, oynayaraq toyuq sousunu yeməyimi xatırlatdı. Yaz yağışı yağmışdı yenə, açıq pəncərədən qoxusu gəlirdi, eyni zamanda da həm sərin, həm isti meh ruhumuzu sevindirirdi. Toyuq sousunun hamısını yesəm axşam parka gedəcəkdik. Əlbəttə yeməsəm də gedəcəkdik, amma niyəsə həmişə bu tip oyunları oynayırdıq. Elə bir anlıq o günümü yaşamağımla gəlib son dayanacaqda tramvay dayandı. Şəkildə gördüyüm ev bu döngədən sonra olmalıdı. Xəritəyə inansam. Bəli bir evə baxmaq üçün, evdən çıxıb tələsik tramvaya minib sonuncu dayanacağına kimi gəldim. Təsadüfən Krakovun fantazlar kitabını oxuyanda bu ev haqqında hekayədəki ev məni cəlb etdi. Real olub olmadığını yoxlamaq üçün axtarmaq istədim. Real imiş. Budur kiçik qəsri xatırlayan, həyətini qızılgül sarmaşığı basmış kimsəsiz atılmış ev. Qapıları daim bağlı olan ev. Eyni zamanda nə pəncərələri sınıqdır, nə də damı uçub. Sadəcə kimsəsiz qalmaqdan, heç bir ruhu hiss etmədiyi üçün qocalmışdı. Küsmüşdü. Vahiməli görsənsə də, bir qığılcım bəs edər ki, o yenidən işıqla dolsun. Mən səni görməli idim ki, sənlə bağlı yeni hekayəmizi yazım. Saata baxdım. Son zamanlar saata tez-tez baxmalı oluram. Bu isə mənim artıq enerjimi tükəndirir. Zamandan aslı olmaq istəmirəm. Tələsmək istəmirəm. Amma indi tələsməliyəm artıq. Bəlkə gələn dəfə daha uzun zaman keçirdə bilərəm səninlə. Sirlərini onda mənə danışarsan. Və iri addımlarla uzaqlaşdım. Yaz havasını ciyərlərimə, beynimə, ruhuma, ciblərimə doldurub, tramvaya mindim. Yaz havasının çox özəlliyi var. Hətta yayın sərin havası belə yazdan fərqlənir. Başlanğıcdı yaz havası. Sevgidi. Xatirələrdi. Kədərdi. Səslərdi. Quşların azadlığıdı. Eyni zamandan çox tez qoyub gedir bizi. Doymuruq. Lakin ondan sonra gələn yay öz istisi ilə elə başımızı qatır ki, yazı unuduruq. Yayın bitməsinə daha çox üzülürük.
Qışdan sonra ilk gələn isti yaz gününü xatırlayırsınız? Hər il eynidi. Günəş ilk dəfə yer üzündəki hər canlını, hər ağacı, hər əşyanı, havada uçuşan tozcuqları isitdiyi günü deyirəm. Quşların həyat dolu oxuması, sərin meh və yeni tumurcaqlanan budaqların rəqsi. Gözlər istər-istəməz dolur. Əksi mümkün deyil. Xoşbəxtlikdən, sevincdən, sevgidən. Yazı doya-doya yaşamaq lazımdı.
“It’s spring fever. That is what the name of it is. And when you’ve got it, you want—oh, you don’t quite know what it is you do want, but it just fairly makes your heart ache, you want it so!”
Sonda qeyd etdiyim yaz musiqilərini dinləyərək sevgini hiss etməyi unutmayın! Sevgi ilə qalın dostlar!