But that was just a dream
That was just a dream
Son Niderland haqqında yazımda elə bil ki, Amsterdamın ruhunu tam sizə çatdıra bilmədim. Sanki nisbətən üstündən keçmiş oldum. Bəlkə orada az gün keçirdim, bəlkə daha çox söhbətlərə başım qarışmışdı, bəlkə də ilk tanışlıqda tam söhbət edə bilmədik şəhərlə. Lakin əminəm ki, şəhərə qayıtdıqda qış aylarını seçəcəm ki, istiliyini hiss edə bilim, o da mənə özü haqqında danışsın. Axı bilirəm turistlərlə, cavanlarla dolu olan, əyləncəli şəhərin də öz kiçik sirləri var. Amma mən sizə bu yazımda Niderland haqqında yazmayacam. Sadəcə yarım qalmış fikrimi burda giriş etmiş oldum. Sizə qarlı günlərimdən danışmışdım. Yanvar və fevralı qarışıq hislərlə başa vurduq. Qarşıda isə yaz gəlirdi. Mart. Mart isə Novruz demək idi. Novruz isə mənim növbəti sevdiyim bayramdı. Novruz və Mart. Amma biz bu dəfə tək keçirməli olacaqdıq. Nə paxlava var idi, nə də şəkərbura. Mənim isə hələ bu işə girişmək fikrim yox idi. Qar yağırdı. Yenə. Səhər Elayna ilə ətrafı gəzməyə çıxmışdıq. Güllər və təzə isti çörək alıb evə qayıtdıq, gündüz yeməyindən sonra yatmağa getdik. Soyuq idi. Gecə yatmadığıma görə, Elayna ilə birgə yatdığım gündüz yuxusu o an mənə motivasiya edən yeganə şey idi. Gözlərimi açdıqda sanki qapı zəngi eşitdim. Durub baxdıqda poçt qutusunu gördüm. Azərpoçt. Bəli Bakıdan nisbətən gecikmiş qutu. Bayram bitmişdi. Lakin bizim üçün yeni başlayırdı.
Bilmirəm anlaya biləcəkəsniz ya yox, lakin o qutu həmən an mənə o qədər sevinc vermişdi ki, yorğun və yuxusuz olduğumu artıq hiss etmirdim. İsti çay dəmləyib, süzdüm fincana, paxlavanı götürüb bir dişlək aldım... mmm.. Hələ də anlamıram dadlı yeməkdən könüllü imtina edənləri. Axı dadlı yemək kiçik əlçatan xoşbəxtliklərdən biridir. Çöldə isə qar güclənmişdi, mən isə daha tək deyildim. Elayna da qaçaraq qucağımda oturdu və həyatında ilk dəfə paxlavadan daddı. Deyəsən, sevmədi amma o qədər də. Eybi yox hələ çox zamanı olacaq. Mart ayını da belə başa vurduq.
Yaz özünü hiss elətdirməyə başladı, bir göz qırpımında ağaclar elə yaşıllaşdı ki, hansı an çatdırdılar anlamadım. İsti. günəşli günlər bizim parklarla gəzintimizi başlanğıcı idi. Hava hələ tez qaralsa da, maksimum çalışırdıq çöldə zaman keçirdək, ətrafla ünsiyyətə girək, enerji alaq, günəşə sevinək. Yaz günəşini sevirəm. Yazda havanın qoxusu da başqa olur. Uşaqlıqda yazın gəlməsi isə yay tətilində xəbər edirdi. Yay tətilinin isə mənə uşaqlıqda verdiyi sevinci indi verməsə də, o hisləri yenidən yaşamış oldum. Və bizi daha xoş xəbər gözləyirdi, nənəmiz bizə gəlirdi, may ayı fərqli olacaqdı.
Eyvanlı günlər, təzə biçilmiş çəmənliyin qoxusu, giləmeyvələr, çiyələkli tort və mənim şəhərlə tək ünsiyyətim. Nənə gələndən sonra özümə zaman ayırmağın nə olduğunu yadıma salırdım. Bu isə həqiqətən vacib məqam idi mənim üçün. Siz soruşursunuz uşaqla xaricə köçmək çətindirmi? Dəyişiliklər asan olmur. Və hər kəs də eyni cür uyğunlaşmır buna. Və mən əlbəttə bilirəm ki, mənim əhvalım da Elaynaya böyük təsir göstərirdi və bəli, ola bilər ki, mən tam bunu gizlədə bilmirdim. Çünki hər zaman bu mümkün olmurdu. Elayna da çünki öz prinspiləri ilə böyüyürdü.
Fevral ayında verdiyimiz sənədlərin cavabı gəldi, biz yazın sonunda gedib sənədlərimizi götürdük və artıq daha rahat ölkədən çıxıb qayıda bilərdik.
Ha! Bu icazələr.. Bu sənədlər.. 21ci əsr, lakin dəyişən heçnə yoxdur. Hanı sərhədsiz ölkələr? Hanı sərbəst səyahət azadlığı? Hanı millətlərin qaynayıb qarışdığı. deyib güldüyü günlər? Hanı John Lennon-un "Imagine all the people Sharing all the world" dediyi dünya? Axı biz bu mahnılara qulaq asdıqda gələcəyi başqa cür təsəvvür edirdik, razıyam texnologiyanın inkişafını, uçan maşınları da arzulayırdıq, lakin əsas arzumuz axı bu deyildi. Buna doğru addımlamalı idi axı insanlıq. Niyə hər şey daha da pisləşdi? Niyə yenə güc, pul qalib gəldi? Niyə müharibələrə göz yumduq? Niyə özlərindən xəbərsiz insanlara, uşaqlara silah verdik? Niyə biz böyüdük, lakin uşaqlarımıza düzgün olan dünyanı hazır etmədik? Niyə biz qlobal istiləşmənin qarşısını almağa çalışırıq? Halbuki hər şey axı başqa cür ola bilərdi. Axı hər şey belə sadə ola bilərdi..
Imagine there's no countries
It isn't hard to do
Nothing to kill or die for
And no religion, too
Imagine all the people
Living life in peace
You may say that I'm a dreamer
But I'm not the only one
I hope someday you'll join us
And the world will be as one
Nə deyir burda? Deyir təsəvvür edin ölkələr yoxdur, öldürmək və ölmək üçün səbəb yoxdur, din də yoxdur. Təsəvvür edin hamı birgə sülh içində yaşayır. Sən deyə bilərsən ki, mən xəyalpərəstəm, lakin mən tək deyiləm, ümid edirəm sən də bir gün mənə qoşularsan və dünya bir olar. Bu cür gözəl sözlərdən sonra biz hələ də eqoist olaraq yaşayırıq. Elə mən özüm də. Oturub gözləyirik ki, insanlıq daha nə pisliklər edəcək. Gözəlliklər dalınca qaçırıq. Süniliklərə aldanıb, İnstagram like sayını gizlədəcək deyə problem edirik. Əsas problemlərə göz yumuruq. Təbriklər, yenə pul və güc, yenə saxta təbəssümlər qalib gəldi. Heyf ki, bu bir nağıl deyil və xoşbəxt sonluq gözləmir bizi. Qlobal istiləşmə beynimizi birdən yandıranda gec olacaq.
İnsanlar oxşar deyil, hər kəs fərqlidir, yazısı, fikirləri, xasiyyəti, danışığı, gülüşü, yemək tərzi, psixloji vəziyyəti, sevinci, qorxusu, sevgisi fərqlidir. Lakin nə bizi birləşdirə bilər? Sizcə nə?
Mən tam fərqli sahədən tam fərqli sahəyə yönəldim. Mən ölkəmin qoyduğu çərçivələrdən çıxmaq istəyirəm. Mən məcbur deyiləm hamı kimi eyni işi görüm. Copy paste-lər o qədərdi ki, növbəti CTRL+V olmaq istəmirəm. Mən insanları güldürmək, mən insanların psixologiyasını öyrənmək istəyirəm. Mən dünyanı xilas etmək istəyirəm. Mən müharibələri bitirmək istəyirəm. Mən nifrəti azaltmaq, paxıllığı məhv etmək istəyirəm. Mən din, dil, irq məsələlərini problem olaraq görmək istəmirəm. Mən gözəl musiqinin qalib gəlməsini istəyirəm. Ən əsası isə mən birinci özümdən başlamaq istəyirəm. Sağ olun.