Bu səyahətimizdə bizim əsas məqsəd Krakov şəhərini görmək idi. Bu səbəbdən Varşavanın dəmiryol vağzalından biz Krakova getmək üçün biletlərimizi artıq almışdıq. Yol 2 saat 40 dəqiqə idi. Biletlər haqqında ətraflı məlumat bölməsində sonda yazacam. Budur səhər saat 08:55-də artıq qatarımız yola düşdü. Düz vaxtında. Kütləvi nəqliyyatın Avropada tam dəqiq vaxtında işləməyi məni heyrətləndirirdi. Necə yəni düz vaxtında gəlib, düz vaxtında getmək olar axı? Avtobus, qatar ki, gecikmədi, biz ki, əsəbdən ahlayıb-puflamadıq, gedəcəyimiz yerə gecikmədik bunun nə mənası var axı? Zaraftdır, əlbəttə ki. Uzun sözün qısası qatarda yerimizi tapıb əyləşdik. 6 nəfərlik kupedə bizdən əlavə 2 yaşlı cütlük və xizək sürməyə gedən 2 orta yaşlı dost gedirdi. Çox gülərüz və mehriban sərnişinlər idi. Yolboyu pulsuz qazlı və ya qazsız su təklif edilir. Arada yol kitabımı oxuyaraq, qeydlər apararaq, arada da pəncərədən boylanıb yaşıl sahələrə, kiçik evlərə və həyətlərə baxaraq yolboyu heç darıxmadım.
Gəldik çatdıq Krakov dəmiryolu vağzalına ( Krakow Glowny ). Otelimiz uzaqda yerləşmirdi ( 4km), lakin yolu çox narahat idi, avtobus və tramvay isə ora getmirdi, təəccüblü. Hər nəsə taksi axtarmağa başladıq, axtarmaq deyəndə düz dayancaqla üzbəüz taksilər durmuşdu. İnsafsız taksi sürücüləri turistliyimizdən istifadə edərək bizə elə qiymətlər deirdilər ki! Çarəsiz qalıb bizi 2 dəfə baha aparan taksiyə minib yola düşdük. Nəysə. Gəldik otelə. Krakov o qədər yaşıl şəhər idi ki, ilk baxışdan özünü sevdirdi. Hələ təmiz havadan danışmıram. Otel Krakovun Qədim Şəhərindən tramvayla 20 dəqiqə aralıqda yerləşirdi, yaxın deyildi bəlkə də, lakin yeri çox sakit idi. Düz 3 gün biz Krakova vaxt ayırmışdıq. Zənnimcə bu azdı.
Krakov. I gün
Hava aydın və günəşli idi. Çiskinli, yağışlı havalar hələ o biri gündən başlayacaqdı, sevincimin həddi-hüdudu yox idi. Ümumi nəqliyyatlara baxmaq üçün Varşava səyahətində qeyd etdiyim application burada da işləyirdi ( POLŞA, VARŞAVA - SENTYABR, 2016 )
Bu 3 gün içində gedəcəyimiz turu artıq bilirdik.
- Stare Miasto, Rynek Glowny, Wawel Royal Castle, Kazimierz, Planty park
- Auschwitz-Birkenau ( bütün günü demək olar ona ayırmışdıq )
- Satanislaw Lem adına Municipal Engineering Museum, Wolsky les
İndi isə gün olaraq ətraflı bir az yazım.
1 nömrəli tramvaya minərək yollandıq Qədim Şəhərə doğru ( Stare Miasto ). Qarşımıza ilk əvvəl Rynek Glowny çıxdı. Bu meydan şəhərin düz mərkəzində yerləşir. Tarixi XIII əsrə qədər gedib çıxır. Bu böyük bir- tarixi binalar, kilsələr ilə dolu bir meydandır. Ətrafda çoxlu restoran, kafe, paltar ve suvenir dükanları vardır. Meydanın ortasında uzun nəhəng bir bina yerləşir. Onun adı- Sukiennice(Cloth hall; Суконные ряды) gedir. Bura qədimdə ticarət mərkəzi məqsədilə tikilmişdir. İndi də bu bina suvenirlərlə, dəri çantalar ilə dolu, əl işlərindən ibarət kiçik dükanlardan ibarətdir. Xatirə olaraq oradan özünüzə mütləq nəsə alın. Mən isə seçdiyim mücrünü geri qayıdıb almağa unutdum :( Burada məşhur St. Mary's Basilica, Wieża ratuszowa ( Town Hall Tower) yerləşir. Town Hall Tower-in daxilinə girib Krakova yüksəklikdən baxa bilərsiniz. Daha sonra "Kral küçəsi" ilə qalxmağa başladıq. Qarşımıza Kral qəsri, kilsələr, Roma papasının evi, ən əsası isə Wawel Royal Castle çıxdı. Qəsrin rəngləri, möhtəşəmliyi insanı valeh edirdi. Buradan Visla (Wisła; The Vistula) çayına və Krakovun digər tərəfinə gözəl mənzərə açılır. Doyunca gəzdikdən və şəkillər çəkdikdən sonra dincinizi almaq üçün mütləq Wawel Royal Castle-ə tamaşa edərək oradakı kiçik kafelərin birində əyləşib kofe için.
-
Wawel Royal Castle
-
Yorğunluğunuzu aldız? O zaman davam edək. Qarşıda bizi Kazimierz gözləyir. İndiki yəhudilərin yaşadığı qəsəbə də demək olar. Qəsəbədə siz sakit öz həyatını yaşayan yəhudilərin həyat tərzini görə bilərsiniz. Sizinlə xəritədə bu qəsəbəyə gedən yolu bölüşəcəm. Burada Church on the Rock dini abidəyə gəlib, ekskursiya edib, kiçik küçələr ilə yəhudilərin yaşadığı, eyni zamanda Anna Frank, Schindler's list kimi filmlərin çəkildiyi tarixi bir həyətə daxil ola bilərsiniz. Düzü bu qəsəbəyə gəlməkdə məqsəd məhz bu həyət idi. Kiçik, tarix dolu bir həyət. Həyətin daxilində tarixi zövqlə bəzədilmiş restoran və kafe yerləşir. Əgər burada oturmasaz və acdığınızı hiss etsəniz Endzior adlı kiçik meydanda olan küçə yeməklərinin dadına baxa bilərsiniz. Məsələn, Krakov sayağı Zapikanka (Zapiekanki) və Krakov kolbasa və sosislərindən ibarət ləziz hotdogları dadın. Geri qayıtmaq zamanıdır. Hava artıq qaralır. Biz ara küçələr ilə gəzərək Planty adlı parka gəlib çıxdıq. Bu park Krakovun bütün bu yazdığım Qədim Şəhərini əhatə edir. Və əgər gedecəyiniz gün şansınız gətirsə əsas meydanda ( Rynek Glowny ) yarmarka ilə rastlaşacaqsınız. Burada da küçə yeməklərini dada, eyni zamanda qeyri-adi əl işlərinə baxa bilərsiniz. Əgər bir az əvvəl söylədiyim yerdə zapikankanın dadına baxa bilmədinizsə, eybi yox, yarmarkada yeyə bilərsiniz. Eyni zamanda oscypek (hisə verilmiş qoyun pendiri sirop ilə), pierogi polskie ( вареники ) dadın. Çooox dadlıdır. Gecə Krakov çox canlı, əyləncəli və maraqlıdır. Küçə musiqiçiləri, əl-ələ gəzən sevənlər, əylənmək üçün bir yerə yığışan gənc dostlar.. Otelinizə qayıtmazdan əvvəl isə günün təəssüratlarını bölüşmək üçün içki içərək meydanda oturub həyatdan həzz ala bilərsiniz :)
-
Jewish children are playing Frisbee
Krakov. II gün
Növbəti günümüzü bu linkə daxil olaraq oxuya bilərsiniz - Auschwitz-Birkenau
Krakov. III gün
Krakovda 3-cü günümüz idi. Bir az kədərli idik. Növbəti şəhərə getmək üçün bilet alınmasa idi, otel bron edilmiş olmasa idi, böyük sevinclə burada bir az da olsun artıq qalardıq.. :(
Lakin Krakovda son gün gedəcəyimiz yerin sevinci kədərimizi unutdurdu. Gəlin lap əvvəldən danışım.
Demək, ilk öncə səhər durub gördük ki, hava sərin, tutqun, buludlu, çiskindir. Yağış yağma ehtimalı isə 100-dən 99du. Əlbəttə ki, çox sevincli idim. Əsl payız havası. Bir sözlə qalın geyinib, çətirimizi də götürüb oteldən çıxdıq. İlk əvvəl otelimizin yaxınlığında yerləşən Stanislav Lem adına parka yollandıq. Bu parkda fizika qanunları sınaqlar üzərində aydın şəkildə göstərilmişdir. Hətta siz bu sınaqları özünüz aparırsınız. Valideynlər öz uşaqlarını bura gətirərək onlar ilə çox maralı zaman keçirdirlər. Çünki bu park böyüklər üçün də maraqlıdır. Bura giriş pulludur. Lakin biz bilmədən pulsuz girmişdik. Bizi isə niyəsə yoxlayan da olmadı. 1-2 saat burada vaxt keçirtdikdən sonra, yola düşdük Las Wolski tərəfə.
Məlumat
Bu dəfə daha rahat şəkildə sizə getdiyim yerləri dəqiq göstərmək istədim. Bu səbəbdən də Google Map-də getdiyim yerləri qeyd etmişəm. Aşağıdakı şəkilə klik edib, daxil olaraq baxa bilərsiniz:
Yeməklər barəsində bir qeyd etmək istəyirəm. Bir neçə dəfə restoran barəsində yanıldıq və heç də dadlı olmayan yeməkləri yeməli olduq. Bu səbəbdən biz son günlər İtalyan mətbəxi olan restoranlara üz tuturduq. Polşa mətbəxini dadmaq üçün isə zənnimcə küçə yeməkləri ən düzgün seçimdir.
Hampton by Hilton *** - Bu otel haqqından mənfi heçnə yaza bilmərəm. Geniş, rahat, təmiz otaqlar, əla servis və qiymətləri də münasibdir.