POLŞA, QDANSK


Növbəti gedəcəyimiz məntəqə Polşanın şimalında yerləşən Qdansk adlı şəhəri idi. Port şəhəri olan Qdanskı bəziləri Amsterdama bənzədir. Amsterdamda olmamışam ona görə bu barədə dəqiq bir fikir söyləyə bilməyəcəm. Yolumuz uzun idi. Krakov cənubda, Qdansk şimalda. Biletlər artıq alınıb, özümüz bir az yuxulu, lakin növbəti sərgüzəştə tam olaraq hazır bir əhvalda bizi gözləyən Uber taksiyə minərək günəş qalxmamış Krakov dəmiryol vağzalına yola düşdük. Taksi sürücüsü də rus millətli çıxdığından yolboyu söhbət etdik. Daha çox Polşanın ''havasından''.. :) 
 

5 saat yarımlıq yol bizi demək olar ki, yormadı. Artıq günorta saat 2də biz Qdanskın avtovağzalına çatdıq. Əvvəlcədən söyləyim ki, Polşanın digər şəhərlərinin vağzalından fərqlənirdi. Və Qdansk daha çox qədimliyini saxlamışdı. Elə vağzalı gördükdə bunu anlamaq mümkündü. Şəhər qırmızı, kərpici rənglərə boyanmışdı. Eləcə də ictimai nəqliyyat.

Dayanacaqdan avtobusa minib otelimizə doğru üz tutduq. Yol çox uzaq deyildi. Otel isə bu dəfə düz mərkəzdə yerləşirdi. Otel haqqında sonda ətraflı məlumat verəcəm. 
 

Rahatlanıb, dincəldikdən sonra çıxdıq şəhər ilə tanış olmağa. Deyirəm nə yaxşı ki, Avropa ölkələrinin şəhərləri belə müxtəlif, hər biri də inkişaf etmişdir.
 

Bu şəhərdə biz demək olar ki, özümüzü yormağa çalışmırdıq. Sadəcə doyunca gəzib, ətrafı tanımaqla, müşahidə etmək ilə məşğul idik. 
 

Qdansk. I gün

Qdansk üçün 3 günümüzü ayırmışdıq. İlk gün biz Qədim şəhəri gəzməklə məşğul idik. Hava günəşli, lakin mülayim soyuq idi. Qdansk Baltik dənizində böyük şəhərdi. Qdanskdan Polşanın ən uzun çayı Visla buradan keçərək Baltik dənizinə axır. Eyni zamanda çox sayda qolları da şəhərdən keçir. Biz də belə bir qolun yanından keçərək xəritədə qeyd etdiyim Brama Stągiewna qarşısından Qədim şəhərə daxil olduq. Qədim şəhərdə əsas 4 küçə daha çox məşhurdur : Dluga, Piwna, Mariacka, Tkacka. 

Onlardan ən məşhuru isə Dlugadı. O küçəyə daxil olduq. Turist axını o an hiss olundu. Sağ-sol restoran, kafe, bar və kiçik dükanlar ilə dolu idi. Ətraf ilə tanış ola-ola küçəni o baş-bu baş gəzdik. Qdanskın qədim arxitekturası çox gözəldi. Gəzdiyimiz yolları əgər daha aydın görmək istəyirsinizsə sonda xəritə paylaşacam, xəritənin üzərinə klik edərək yeni səhifəyə keçmək mümkün olacaq. 

Mariacka küçəsi kiçik olsa da, daha çox xoşuma gələn o küçə oldu. 

Qədim şəhərin ortasında kiçik bazara rast gəldik, bazarın düz yanında çəhrayı avtobusda bir dayı çəhrayı önlük geyinərək dondurma satırdı. Dondurmadan dadaraq, skamyalarda əyləşib, yerli camaatın bazarlığına tamaşa edə bilərsiniz.. :)

Dincəldikdən sonra gəlib çıxdıq kanal tərəfə. Mərkəzi Dəniz muzeyi burada yerləşir. Zurav adlanan nəhəng  bina isə qədimdə qaldırıcı mexanizm rolunu oynayırdı. Aşağıdakı şəkillərdə yaxın planda aydın görə bilərsiniz. 

Ac olduğumuz üçün və eyni zamanda soyuq da təsir etdiyindən gəldik çıxdıq əsas məsələyə: restoran seçimi. Polşada mən yerli yeməkləri bəyənmədiyimə görə digər mətbəxə üz tutduq. Gözümüz "Billy’s American Restaurant"-na sataşdı. Seçimdən peşman olmadıq. Dadlı, doyumlu yeməkləri var idi. Personal isə çox gülərüz və diqqətli idi. 

İlk gün olduğundan özümüzü çox yormadıq. Axşama kimi gəzərək (demək olar ki, eyni küçələri), sonda da balaca kafedə kofe içib üz tutduq otelə.

Şəkillərdə Mariacka küçəsi və yuxarıda qeyd etdiyim Zurav-ı görə bilərsiniz.

Qdansk. II gün

Bu günü Qədim şəhərdən kənarda keçirtməyi qərara aldıq.

 

Biz  oteldə səhər yeməyini götürməmişdik. Qərara almışdıq ki, hər gün fərqli səhər yeməyini dadarıq. Lakin düşündüyümüz kimi olmadı. Dluga küçəsində yerləşən "Cukiernia i Piekarnia Pellowski" kafesinə gəlib çıxdıq. Mən özümə şokaladlı, Enik isə cemli bulka və 2 çay götürdük. Mmmm dadından çox ləzzət aldıq, o qədər ləzzət aldıq ki, qalan 2 səhər yeməyimizi də burada etdik..) Hər dəfə fərqli nəsə dadaraq. Ona görə bura gəlməyinizi çox tövsiyə edirəm. 

 

Səhər yeməyindən sonra planlaşdırdığımız Gdansk Zoo-ya üz tutduq. İnternetdə bir az araşdırdıqdan sonra əmin olmuşduq ki, ən gözəl zooparklardan sayılır. Yolumuz uzaq idi. Necə getdiyimizi, hansı nəqliyyat ilə getdiyimizi sonda sizə məlumatlandıracam. İki nəqliyyat dəyişməli idik. İkinci nəqliyyata minmək üçün biz Park Oliwski-nin yanındakı dayanacaqda düşdük. Tərəddüd etmədən yaşılıqla dolu parkı gəzdik. Doyunca gəzdik. Parkın sonuna çatdıqda anladıq ki, yolumuz elə də uzun qalmayıb ki, digər nəqliyyata minək. Ona görə ayaqla üz tutduq Zoo-ya tərəf. Peşman da olmadıq. Sizə onu söyləyim ki, Qdanskı bu tərəfdə tam fərqli gördüm. Burada yerli camaat öz həyatını sakit yaşayır, yaşılıqla dolu parklarında gəzir.

 

Gəlib çıxdıq Zoo-ya. Çox səliqəli, gözəl, sakit, böyük zooparkdı. Axşama kimi orda olduq və demək olar ki, bütün heyvanları da gördük. Bu qədər uzun yol gəldiyimizə peşman olmadıq. Eyni zamanda naharımızı da orada etdik. Sonda şəkildə əlimizdə tutduğumuz yerli dönərdi :) Çox böyük və yemək üçün narahat idi. Sona qədər yeyə bilmədik ikimiz də. Lakin dadlı idi.

 

Həmin gün biz Baltik dənizinin sahilinə-Sopota da getməyi planlaşdırmışdıq. Lakin heç bir nəqliyyat ora getmirdi. Taksilər isə yox idi. Ora gedən tramvayın dayancağı uzaq idi. Lakin yorğun şəkildə gəlib dayanacağa çatdıqda anladıq ki, Sopot sərgüzəşti alınmayacaq. Hava artıq qaralırdı, biz isə tanımadığımız yerdə oteldən çox uzaqdayıq. Eyni zamanda burada yol dilənçiləri dəhşət çox idi. Ehtiyat etdik. Ona görə Qədim şəhərə gedən tramvaya minərək geri döndük. Dluga küçəsinə daxil olan kimi leysan yağış başladı. İsinmək üçün Costa coffe adlı yerə daxil olub kofe içdik. Kofeləri çox dadlı idi. Qdanskdan keçirdiyimiz 2 günü müzakirə edərək günümüzü başa vurduq. 

Qdansk. III gün

Son günü biz tarixi abidələrə, kilsələrə və muzeylərə həsr etdik. Bazylika Mariacka- kilsəsi kənardan çox möhtəşəm görünürdü. Eləcə də bu kilsə əsas görməli yerlərdən sayılır. Lakin daxili məni o qədər də heyran etmədi.  Onu da qeyd edim ki, bu kilsənin bir hissəsi II dünya müharibəsində dağılmışdı. Daha sonra biz üz tutduq The European Solidarity Centre (Avropa Həmrəylik Mərkəzi)-nə. Bu muzey hədsiz dərəcədə insanı heyran edir. Gördüyüm ən fərlqi muzeylərdəndi hələki. Xarici, daxili çox maraqlı yaradılıb. Bu muzey polşalıların komunizmə qarşı necə mübarizə apardıqlarını, necə qalib gəlib Sovet imperiyasının tərkibindən çıxmaqlarını, necə qan tökdüklərini-bir sözlə insanların yenə də azadlıq uğrunda mübarizə aparmaqlarınl açıq aydın şəkildə bizə göstərir. Girişdi sizə hər bir dildə izah edən elektron bələdçi təqdim edirlər. Otaqdan otağa keçid etdikcə siz o bələdçidə həmin otaq haqqında ətraflı məlumatı alacaqsınız. Məhz bu muzey tikilən yerdə polşalılar qalib gələrək Avropa Həmrəyliyini (Solidarity) yaratdılar. İnternetdə daha ətraflı məlumat oxuya bilərsiniz. Bu mövzuda öz fikirlərimi qeyd etməyim düzgün olmazdı.

 

Muzeydə vaxt yetərincə getdi. Çıxdıqda "Pasta house" adlı kiçik bir yerdə dadlı pastalar( spaghetti)sifariş etdik. Qiymətləri çox sərfəlidir. Özünüzlə apara  və yaxud orada oturub da yeyə bilərsiniz. Hava isti, günəşli olduğundan pastalarımızı götürüb yollandıq sevimli Mariacka küçəsinə. Orada pilləkənlərdə oturub dadlı pastaları yedik. 

 

Qdansk mənim üçün fərqli şəhər oldu. Bura yaşamaq üçün darıxdırıcı gəldi. Deyilənə görə də, yerli camaatın əsas hissəsini yaşlı nəsil təşkil edir. Cavanların çoxu ya köçür Skandinaviya ölkələrinə ya da Polşanın Varşava, Krakov və s. inkişaf etmiş şəhərlərinə. Lakin bu şəhəri tanıdığıma görə çox sevinirəm. Geri qayıdaram bəs? Yəqin ki, yox. Amma heçnəyi bilmək olmaz.. :)

Məlumat

Aşağıda sizin üçün getdiyimiz yerləri xəritədə qeyd etmişəm. Yolunuz birdən Qdanskdan keçsə asanlıqla xəritəyə daxil olub əsas yerləri vaxt itirmədən görə bilərsiniz:

Gdansk Zoo-ya getmək üçün Jakdojade - public transport - linkə daxil olun. Bu application Polşanın bir çox şəhərlərində keçərlidi. 

Otel Dom Muzyka*** - 19-cu əsrdə tikilmiş binada yerləşir. Təmizdi. Otaqları işıqlıdı. Bizim otaq maşın yoluna baxdığına görə çox səs-küylü idi. Ona görə oteldən tam razı qalmadım. Səhər yeməyi burada çox baha idi və seçim az idi. Ona görə biz səhər yeməyindən imtina etdik.