Krakov və Mən. Əbədi sevgi.
II -hissə
Sizinlə birinci hissəni paylaşdıqdan sonra, şokoladlı tortumu bitirib, ikinci fincan americanonu ( polyakca - Czarna Kawa, sizə nəyisə xatırlatdı?:) ) soyuq halda başıma çəkib, heç tərk etmək istəmədiyim, yenicə tapdığım kiçik kafeni fransız turistlərə qoyub, çıxdım. Özümə yeni notepad axtarmaq üçün Krakovun küçələrində dolaşmağa başladım. Nəticə uğursuz oldu. Axtarış davam edir. Hava çiskinli, soyuq idi. Ürəyimdə sevinirdim ki, mənim günlərim başladı. Əmin idim ki, yağışlar tez-tez yağmağa başlayacaq, mən də həvəslə hər dəfə yeni bir yazımı yazacam. Sevincim uzun sürmədi, günəşli havalar tez özünü çatdırdı :) Hər nəsə, keçək mövzuya. Bu dəfə Krakovun müsbət cəhətlərini sizin ilə qısa şəkildə bölüşəcəm. Niyə qısa? Çünki, gələcək məqalələrdə hər birini ətraflı şəkildə yazacam.
1. Təbiət. Parkların, ağacların, yaşıllıqların sahəsi yetəri qədər çoxdur. Ətraf ancaq yaşıldı. Bu təkcə Krakova yox, bütün Polşaya aiddi. O qədər müxtəlif təbiətləri var ki, polşalılar digər avropa ölkərini gəzməyə belə ehtiyac duymurlar. Özləri bizə etiraf ediblər ki, siz bizdən çox avropa ölkəsində olmusunuz. Həqiqətən Polşa ilə Slovakianı ayıran Tatra dağları, Zakopane olan yerdə kim ehtiyac duyar ki?
Parkları isə bir ayrı aləmdir. Onlar haqqında daha ətraflı bir yazı olacaq. Çünki sizə Krakovun göllərindən də yazmaq istəyirəm. :)
2. İctimai Nəqliyyat. Tramvaylar var bu şəhərdə daha nə istəyə bilər bir insan? Cədvəl üzrə vaxtı vaxtında gəlirlər. Təmizdirlər. Genişdirlər. Əlil arabaları üçün hər bir şərait var. Şəhərin demək olar ki, hər bir nöqtəsinə tramvayla gedə bilərsiniz. İstisnaları unutmayaq. Lakin tramvay yolları genişlənir və yeniləri salınır. Avtobuslar da tramvaylardan geri qalmırlar. Cədvəl üzrə həmişə tam dəqiq olmasa da, onlar da çox rahatdırlar. Həm burada Eko avtobuslar da var. Bundan əlavə əlbəttə ki, Uber və Bolt taksi xidmətəri burada işləyir.
Krakovda həmçinin beynəlxalq və ölkə daxili qatar xidməti də mövücuddur. Bu barədə də ətraflə yaza bilərəm, saytları, qiymətləri və s.
3. Uşaqlar. Daha düzgün isə uşaqlara və uşaqlı ailələrə yaradılan şərait. Şəhərdə uşaqların əylənməsi və səmərəli vaxt keçirtməsi üçün hər cür şərait var. Həm təmiz havada, həm də qapalı yerlərdə. Uşaq meydançalarına söz ola bilməz. Çox yerlər də demək olar ödənişsizdir. Həftəsonları uşaq ilə hara gedim, nə edim düşünməyə ehtiyac yoxdur. Bu təkcə uşaqlara aid deyil, böyüklərin də həftəsonlarını maraqlı keçməsi üçün hər cür şərait var.
4. Tarix. Krakov qədim şəhərdir. Boş yerə digər avropalıları bura cəlb etmir. Wawel Castle, muzeyləri, kilsələri, müharibənin qoyduğu izlərlə dolu olan məkanlar, Qədim şəhəri, Kazimierz və s.
5. Qiymətlər. Bəli, burada nisbətən digər avropa ölkərindən ucuzdur. Şimali və Qərbi Avropanı nəzərdə tuturam. Lakin yerli əhali üçün normal desək daha düzgün olar.
6. Qida. Təmiz və keyfiyyətlidir. Süd məhsulları, ətləri məşhurdur. Meyvə və tərəvəzləri boldur. Bəli, hərdən bəzi meyvələrin dadı sanki yoxdur, lakin bu fəsildən aslıdır. Hər cür meyvə və tərəvəz seçimi var. Alçadan başqa. Bir də bu il əncir görmədim :( Qara ənciri çıxsaq. Bazalarında qiymət marketlərdən bahadır. Dondurmaları isə mmmm :) Amma bir mənfi də söyləyim. Yemək cəhətdən ağız dadları yoxdur. Kafe və restoranlarda çox çətin dadlı nəsə tapmaq olur. Əsasən Asia, İtalyan mətbəxi məşhurdur. Şirniyyatları dadlıdır. Amma bizim yeməklər bir başqa aləmdir, nə də olmasa yeyib-içməkdə yaxşıyıq. Dadlı yemək isə xoşbəxtliyin bir növüdür. A yox, siz vegan, vegetarian yeməkləri sevirsinizsə burda seçim əladır.
7. Sıra və növbə mədəniyyəti. Hər yerdə növbəyə rast gəlmək olar. Adi keçidin altında satılan ponçiklərə belə uzun növbə olur. Lakin kimsə səbrsiz davranırmı? Yox.
8. Sakitçilik. Krakov sakit şəhərdir. İnsanlar burda çox sakitdirlər. Səs salan turistlərdi. Sanki yolda bərkdən səs salsan bütün Krakovda olan insanlar sənə baxacaq :)
9. Təmizlik. Küçələri hər səhər tezdən yuyurlar, eyni zamanda keçidləri, binaların künclərini. Parklar hətta təmizlik günlərinə bağlanır.
10. Hava. Mənfilər olan bölmədə qeyd etmişdim, düzdür, lakin o avropalıların fikridir. Mənim üçün havanın təmizliyi idealdır. Mən Krakovu az günəşli bilirdim, lakin yetəri qədər günəşli günləri var. Mənim üçün isə bayram yağış yağandadır. Bu il qışda elə gözəl qar yağdı ki! Yerlilər özləri dedi ki, belə qarlı günlərimiz illərdi olmurdu.
Mən sizə qısa şəkildə Krakovun müsbət tərəflərini yazdım. Lakin qeyd ediləcək çox məsələlər var. Tibb, sənəd işləri və s. Gəlin yavaş-yavaş, tələsmədən sizi maraqlandıran məsələlər haqqında yazım və sizə kömək olum. Mən məsləhət verməyi sevmirəm. Mən sadəcə öz baxış tərəflərimi sizlərlə bölüşürəm. Ona görə fikirlərinizi, suallarınızı, nə haqqında bilmək istədiyinizi İnstagramda postun altında rəy bildirərək mənə söyləyin.
Yeni məqalədə görüşənədək :)