POLŞA - MƏNFİ VƏ MÜSBƏTLƏR. Vol.1

Krakov və Mən. Əbədi sevgi.
I -hissə

Bu yazını saysız sayda yarım qoyub, silib sonra yenidən yazmışam. Motivasiyanın, marağın itməsi heç də yaxşı bir hiss deyilmiş. Uzun zaman oldu. Yazmırdım. Oxumurdum. Hədsiz yorğun və ruhdan düşmüş kimi hiss edirdim özümü. Səbəblərini yazmaq fikrində deyiləm, niyə mənasızcasına sizləri yorum ki? Başlıca səbəbin yuxu olduğunu sizə söyləyəcəm amma. Bu illər ərzində yuxunun necə vacib rol oynadığını anladım. Zarafat olmadığını anladım. Yuxu sözün əsl mənasında həyatımı alt-üst etdi. Yuxunu ciddiyə almamaq olmazmış. Ən pisi isə yuxusuzluğa öyrəşməkdi. Artıq yatmaq istəsən belə, yata bilməmək. Lakin düzəlirəm. Buna doğru çalışıram. Mən yuxuları kino kimi görən birisi idim. İllər əvvəl gördüyüm yuxularımı nöqtəsinə kimi xatırlayıram. Lakin indi yuxu görmürəm.. Hər nəsə. 

 

Beləliklə yuxusuzluğumun ən pik anında həyatımda dəyişikliklər oldu. Uzun müddətlik Bakıdan kənarda yaşayacağımızı qərar verdik. Ani oldumu? Yox. Birgün bunun baş verecəyini bilirdik. Bakı bizə xoşbəxtlik gətirmirdi. Əksinə ancaq neqativ dolu günlər yaşayırdıq. Deyə bilərsinizmi insanın özündən aslıdır xoşbəxt olması. Məkanın günahı yoxdur. Var inanın var. Hər zaman söylədiyim kimi, beyinə oksigen getmirsə heç nə normal getmir. Və biz artıq normal ola bilmirik. Bakının havası isə bizi artıq boğurdu. Bilmirəm nə zamansa geri qayıdacağıq ya yox. Bu sabah da ola bilər, illər sonra da. Bakı çoxunu evindən uzaqlaşdırdı. Dünya üzrə səpələndik. Bakıya çox qəzəbliyəm ( Bakı günahkar olmasa da;) )Dostlarımdan, sevdiklərimdən uzaq saldı məni. Heç bilməzsiniz necə ünsiyyət azlığı yaşayıram. Gec dost-tanış tapan birisiyəm mən. Tez qaynayıb qarışmıram. Qapalıyam. Bir sözlə İntrovert ( deyəsən indiki zamanda ağıllı sözləri sevirlər )Burda isə ünsiyyətim kafe, mağaza işçiləridi. 

 

Krakov.. 3 il əvvəl səyahətim zamanı Krakova gələndə buranı çox sevmişdik. Necə izah edim bilmirəm, ruhumuz bu şəhərə çox bağlandı. Nə zamansa köçməyi qərar versəydik bu şəhəri seçəcəyimizi bilirdik. Bir neçə şəhər, ölkədə olmuşduq, Krakov kimi rahat olan birisinə rast gəlməmişdik. Krakov kiçikdi. Krakov qədimdir, eyni zamanda müasirdir. Krakovun iqlimi mənə uyğundu ( isti günləri çıxsaq ). Krakov yaşıllıqlarla doludu. Krakovun tramvaylarından düşmək istəmirsən. Krakovun kiçik, hygge (!) ilə dizayn edilmiş kafeləri isə bir başqa aləmdir. İnsan saatlarla oturub nəsə yaratmaq, həzz almaq, yazmaq, oxumaq istəyir. Hal-hazırda belə bir kafelərin birində oturub yazıram, çöldə isə sentyabr ayının sərin yagışlı havası. Meyvəli isti çayım da yanımda. Bundan gözəl həzz? Bir də zamanım bol olsaydı nə əla olardı. Lakin mən hər zaman harasa tələsirəm. Bu isə yazmağıma mane olur çox. Krakovda yaşamağın müsbət və mənfi cəhətlərindən yazmaq istəyirəm. Bu 9 ay ərzində yaşadığım təcrübəni sizlərlə bölüşmək istəyirəm. Kiməsə bəlkə bu məlumatlar lazımlı ola bilər.

 

Mənfilərdən əvvəl başlayım. Mənfi də demək olmaz tam. Bizə nisbətən narahatçılıq yaradan amillər deyək.

 

1. Dil.

 

Polyak dili bizim üçün yeni bir dildi. Və polyaklar öz dillərini çox üstün tuturlar. Demək olar ki, turistlər üçün ingilis dilində yazılar belə, hər yerdə yoxdu. Menuları da çox yerdə öz dillərindədi. Şəhərin əsasən Stare miasto (Qədim şəhər) olan hissəsində turistlər çox olduğundan ingilis dilinə rast gəlmək mümkündür. Lakin digər yerlərdə -zəhmət çək polyak dilində sor - deyirlər sanki. Deməzdim cavab vermirlər, ya anlamırlar, sadəcə sənə hərdən elə baxırlar ki, istər-istəməz çalışırsan onların dilində müraciət edəsən. Əslində polyak dili slavyan dillərinə yaxın olduğundan bizə çox da çətin deyil. Rus, ukrayna dilinə çox yaxındı və istəsən anlamaq mümkündür, lakin sürətlə danışsalar "ş" səsindən başqa bir şey anlaya bilmirəm. İngilis dilində nəsə soruşsan yenə də normaldır, amma kimsə birdən rus dilində nəsə sorsa ya danışsa qəzəb dolu baxışlar sənə doğru baxacaq. Heç sevmirlər rusları. Burada SSRİ-ni pisləyən addım başı nəyəsə rast gəlmək olar. Heykələ, yazıya və s. Haqlıdırlar, SSRİ haqqında burada pis həqiqətlər öyrəndim.  Lakin sən onların ölkəsində yaşayırsansa bir zəhmət dillərinə hörmət etməlisən, az da olsa ünsiyyət yaratmağı bacarmalısan. Bakı ilə səhv salmaq olmaz, biz öyrəşmişik qonaqlarımızın dillərində danışmağı ;) 

 

Məsələn, uşağı bağçaya qoyursansa, gününün necə keçdiyini bilmək istəyirsənsə sənə ingilis dilində heç kəs heç nə izah etməyəcək. İzah edə bildim fikrimi? Onlar ingilis diini bilirlər, anlayırlar lakin danışmırlar. Adicə ingilis dilində kitab tapmaq çətindi. Hər bir kitab polyak dilinə tərcümə olunub. Nöqtə. 

 

2. Hava.

 

Digər bir mənfi lakin mənim üçün deyil, çünki mən Bakıdan gəlmişəm bununla məni pis etmək mümkün deyil.

 

Deyirlər burada hava çirkli olur qışda. Niyəsini izah edim. Krakov və ətraf şəhərlərdə qışda evləri isitmək üçün kömürdən istifadə edirlər. Hər xüsusi ev mərkəzi istilik sisteminə keçməyib. Bu da havada müəyyən günlər duman yaradır. Tüstüdən əmələ gələn duman. Bu isə ciyərlərə ziyandır. Lakin bu ildən artıq kömür yandırmaq qadağandır və cəriməsi var. Bacadan tüstü çıxdığını gördükdə bu işə baxan orqanlara zəng etməyimiz kifayətdir. Mən bu il qışda məsələn bir gün belə çirkli havaya rast gəlmədim. Burada mənim miqrenim hətta məni az narahat etdi. Belə təmiz havanı ciyərlərimə çoxdan çəkmirdim. Bura Airly adlı bir proqram var hansı ki, havanın keyfiyyətini göstərir. Onu telefona yükləməyiniz kifayətdir. Havanın keyfiyyətini təyin edən aparatları ölkə üzrə paylayıblar. Nəticə hava mənim üçün burada problem heç deyil.

 

3. Din. 

 

Əvvəlcədən qeyd edim ki, hər bir dinə hörmət edirəm, normal qəbul edirəm. Eyni ilə mənim də fikirlərimə belə yanaşmağınızı istərdim. Dinə, dilə və ya millətindən, irqindən aslı olmayaraq heç kəsə fərq qoymuram. Polyaklar katolikdilər. Kilsələrin sayı çoxdur. Dindardılar. Əslində bu problem olmalı deyil. Lakin qanunlarında dinlərlə bağlı nələrsə varsa, və az da olsa din nəyisə ölkədə idarə edirsə bu heç də yaxşı deyil. Bu mövzuda çox yazmaq istəmirəm. müzakirə olunan bir mövzu deyil. Bu yaxınlarda bir qanun qəbul etmək istəyirdilər, qüvvəyə minməyib hələ ki. Qanunda deyilirdi ki, əgər katolik olmayan xarici vətəndaşlar ölkələrinə köçmık istəsələr qəbul etməyəcəklər. Ümid edirəm anladınız.

 

4. Xaricilərə, gəlmələrə olan münasibət.

 

Sevmirlər. Bunu öz dilləri ilə üzünə belə deyirlər. Deyirlər ki, sakit yaşayırıq özümüz üçün. Anlayıram onları. Kim istər ki, kimsə gəlib onun sakit həyatını dağıtsın. Heç kim. Ona görə hörmət etməliyik. Biz uyğunlaşmalıyıq. Biz qanunlarına riayət etməliyik. Öz varlığımızla narahat etməli deyilik. Sən ölkəsində işləyirsənsə, ölkəsinə xeyr gətirirsənsə, özünü normal aparıb aləmi dağıtmırsansa, hörmət edirsənsə səninlə heç kimin işi yoxdur. Sənə əyri baxan olmayacaq. Belə də heç nə etmirlər, lakin sənə qarşı mehriban olacaqlarını gözləmə. Krakov sakinləri hələ yeni-yeni xaricilər qəbul edir, başqa millətlərə öyrəşir. Ona görə anlamaq olar onları. Lakin bir polyak tanışım mənə qəribə bir fakt söylədi. Hətta iki polyak tanışım. Polyaklar heç kəsi sevmirlər. Onlar bir-birlərini belə sevmirlər. Və qəzəblidilər. Bunu da başa düşmək olar. Çox əziyyət çəkiblər. Müharibələr hər zaman onlara pis təsir edib. Azadlıqlarını uzun bir zaman itiriblər. Çox incidiblər onları. Amma indi tarixlərini danışmaq fikrində deyiləm. Lakin mənə deyəndə ki, polyaklar qəzəblidilər mənə qəribə gəlirdi. Yenə də Bakıdan sonra yəqin yerli insanlar mənə daha mehriban gəlir. Bakıda qəzəb daha çoxdu. Bunu yazanda belə içim qəribə sıxılır. Niyə axı, Bakı? 

Düzünü qeyd etsəm amma, biz heç zaman qəzəb hiss etməmişik. Əksinə mehribançılıqla işıq saçırlar.

 

Bununla mənə görə Krakovun nisbətən mənfi cəhətlərini sizinlə bölüşdüm. Başqa ölkədə uyğunlaşmadığımız digər xırda narahatçılıqlar əlbəttə var. Lakin onlar çox cuzidirlər. Əgər onları da sizinlə bölüşməyimi istəsəniz, fikrinizi bildirməyiniz kifayətdir.

Gələn dəfə Krakovun gözəlliyini sizinlə paylaşacam. Əgər maraqlıdırsa zəhmət olmasa rəy bildirin, ya burada ya instagramda postun altında. Və daha nə bilmək istərdiniz? Nə kimi yazılar sizin ilə paylaşım? Yazmağa imkan tapmışkən istərdim davam edim. 

 

Hər kəsə nağıl dolu bir gün!

 

P.S Krakov haqqında 3 il əvvəl yazdığım məqaləni sizinlə yenidən paylaşıram. Üzərinizə klik etməyiniz yetərlidir. Krakov haqqında yazacağım yeni yazılar əlbəttə 3 günlük turist kimi gəzdiyim Krakov haqqında yazdığım fikirlərdən fərqli olacaq. 

 

Polşa, Krakov- 2016