Krakovda xəzan başlayıb. Əvvəllər belə bir xəzana heç zaman rast gəlməmişdim. Yarpaqlar yerə yağış kimi tökülürlər. Gəzdikcə ayaqlarımın altında qalıb xırçıltı səsi verir. Hava yazı xatırlatsa da, günəş yandırsa da, bu günəşi sevdim. Qızılı ağacların üzərinə düşən günəş şüaları üzümdə istər-istəməz təbəssüm yaradır və ruhum isinir.. Qulaqcıqlarda isə Françoise Hardy - «Le Temps de l’amour» oxuyaraq vəziyyəti daha da canlandırırdı. Özümü Françoise Sagan-ının kitab qəhramanı kimi hiss edirdim. Mənim üçün eyni anda həm payız idi, həm də yazın sonu. Son zamanlar hər şeyi ağ-qara gördüyümə görə belə rəngli anlar mənim üçün bir meditasiyadır. Yolda tək gəzərkən düşünməməyə çalışıram. Mən sadəcə gəzərək meditasiya etməyə çalışıram. Başqa cür meditasiya məndə alnmadı. Belə bir günlərin birində axır ki. zaman tapıb noutbukumu götürüb qaçdım. Bəli qaçdım. Həyətimizdən çıxıb, bizim küçədən keçən 2 nömrəli tramvaya mindim. Gəlib Krakovun yazıçıların kafesinə çatdım. Küncdə özümə yer edib, bu dəfə sizinlə bölüşmək istədiyim mövzunu çox düşündüm. Əvvəl Niderland haqqında yazmaq istədim, amma uzun təsvirlə başladığıma görə düşündüm bəlkə burda keçən aylar haqqında sizinlə danışım. Monoloq olsa da, suallarınızı təxmin edib yazacam.
Biz Bakı ilə sağollaşıb Krakova gələndə Yanvar ayı idi. Daha dəqiq Yanvarın 2-si. Mamanın ad günü. Heç də yaxşı hədiyyə etmiş olmadım. Amma bu həyatdı. Real həyat. Elayna sanki hava limanında bunu hiss etmişdi. Heç də nənə babaları ilə ayrılmaq istəmirdi, bizdən qaçaraq onlarla oynamaq istəyirdi. Nəsə, ayrılığı yazmayacam, bir onu bilirəm ki, pis öyrəşmişik bağlı olmaqla. İnsanı əhvalsız edən amillərdən biridir. Tezliklə təyyarəyə minməyi gözləyirdim, sanki onda daha rahat olacaqmış gəlirdi.
Beləliklə, yatmaqla yola getməyən, enerji və yuxunun qarışdığı bir anda Elayna ilə təyyarəyə mindik. Bakının gecə reysləri. yuxulu sərnişinləri bizi uşaqla görüb sevindiklərini söyləsəm yalan olardı ;) Yolun əvvəli Elayna var gücü ilə narazı olduğunu bildirsə də, doyunca ağladıqdan sonra qucağımda yuxuya getdi. Hamı yatan an o da yatmış oldu, ona görə vəziyyət o qədər də çətin olmadı. Yolda götürdüyümüz yeni oyuncaqlar, kitablar, dadlı atışdırmaqlar əlbəttə ki Elaynanın gözünə görsənmədi. Qarşıda bizi Frankfurt hava limanı gözləyirdi. Elayna sıradan çıxıb daim qadağan olunmuş sahəyə qaçmaq istəsə də, bu dəfə sərt olmayan alman işçiləri bizi xoş yola verdi və kömək oldu.
Krakov. Biz Krakova gəlib çatanda hava məni xilaskarım oldu. Qar yağırdı. Belə havada isə çətin anlar mənə möcüzə kimi gəlir. 8 yükü evə qaldırdıqdan sonra, əsas məqsəd yatmaq idi. Evə addım atdıqda üşütmə keçdi bədənimdən. Ev mənə yad, narahat və soyuq gəldi. Baxmaraq ki, evi sevərək seçmişdim. Düşünürəm bu hislər normal idi. Lakin elə səhəri gün evə öyrəşdim, sevdiyim rahatçılığı ( sevdiyim söz olan, bizim dildə hələ də doğru tərcüməsini tapmadığım -Уют ) yarada bildim. Gündüz yatıb durduqdan soyuducunu doldurmaq üçün həmən an hər şeydən narazı olan Elayna ilə bizi market bazarlığı gözləyirdi. O an vəziyyət çətin hiss olunsa da, indi yazdıqca qəribə üzümdə təbəssüm yaranır. İndi mənə doğma gələn Krakov küçələri, market və insanları mənə yad gəlirdi. Çox qəzəbli idim. Heçnə alınmayacaq və mən təslim olmaq istəyirdim. Vəziyyəti elə də rahatlıqla və şən qəbul edənlərdən deyiləm. Soyuqqanlı deyiləm. Təəssüf.
Yuxarıda söylədiyim kimi qar mənə güc verirdi. Sanki mənim üçün yağırdı. Sonradan isə bildik ki, illərdi Krakovda bu qədər gözəl qarlı günlər olmurdu. Sonra da deyirlər möcüzə yoxdu. Gəldiyimiz günün səhərisi Enik artıq işə getməli idi. Mən də hər yeməyi imtina edən Elayna üçün, özü də nə istədiyini bilmədiyi bir yeməyi bişirməli idim. Üçümüz arasında ən çox Elaynaya çətin idi. Bəli çətin idi. Ona da çətin olduğu halda bizə da çətin idi. Uyğunlaşma prossesi uzun sürdü. Mən isə Frank Sinatranın mahnılarını qoyub rəqs edərək Elaynanı sevindirməyə çalışırdım. Və alındı da. Elayna rəqsimə qoşuldu və o da mənimlə birgə qışın qarlı günlərinin dadını çıxarmağa başladı.
Bu an sizinlə söhbətimiz zamanı kafe maraqlı insanlarla doldu. Ona görə fikrim bir az yayındı. Çünki çoxu bura yeni maraqlı işlər yaratmağa gəlmişdi. Əminəm köhnə kitabın qoxusu qədər xoş olan sehirli söhbətlər gedirdi. Ən azından mənim aləmimdə elədir. Məsələn, pəncərə kənarında kofe və kitabla əyləşən qız tez-tez ətrafa baxırdı. Fikri kitabda deyildi sanki, bəlkə o da belə meditasiya edirdi? Kafenin böyük otağında dairəvi stol arxasında bir yaşlı eynəkli qadın və qısa saçlı fransız qadınına bənzəyən cavan qız əyləşıb dəftər və kitabla müzakirə aparırdlar. A bir qızı unutdum, mən gələn zamandan bəri özünə uyğun yer tapa bilməyib, demək olar ki, əlində fincan və komputeri ilə bütün boş stollarda otumuşdu. Sanki fikrini cəmləyə bilmir, bu səbəbdən də hirnsini stollardan çıxardırdı. Of yenə çox yayındım mövzudan. Məni tanıyanlar bilir, tez-tez bir mövzudan digərinə keçirəm. Pis ya yaxşıdır bilmirəm, mənə xoşdur.
Burada yazımı bitirməliyəm, özümə ayırdığım zaman bitdi. Öhdəliklərimə qayıtmalıyam artıq. Mən sizin ilə həm soyuq, həm isti, həm də möcüzəli Krakovda keçirdiyim ilk günləri bölüşdüm. Davamı gəlsin ya yox baxacağıq. Sizə ətraflı detalları ilə də yaza bilərəm. Bürokratiyanı da pisləyə bilərəm. Digər söhbətlərdə görüşənədək, mənim sakit oxuyucularım. İnstagramda rəy gözləyirəm, niyə də yox? Mən də sizin ilə söhbət etmək istərdim axı.