NİDERLAND: AMSTERDAM, HAAQA

Bu gün axır ki, Niderlandda keçirdiyim kiçik tətil haqqında yazacam. Kiçik ona görə ki, cəmi 4 gecə orada qaldıq. Və iki əsas şəhərində olduq, hava limanını da nəzərə alsaq 3 :) Amsterdam, The Hague, Eindhoven. Bu dəfə ki, tətilimiz bir az fərqli oldu, çünki getdiyimiz ölkədə dostlarımız çox idi və tətil daha da əyləncəli və çoxlu isti söhbətlərdən ibarət olacaqdı. Əslində biz aktiv olmayan tətili seçmək istəyirdik, çünki sadəcə dincəlmək istəyirdik. Lakin yenə də, özümüzlə bacara bilmədik və üz tutduq Niderlanda :) Elaynanı nənə babası ilə qoyub, Krakov dəmiryolu vağzalına getdik. 9 günlük  tətil üçün yalnız iki kiçik bel çantası və bir idman çantası götürmüşdük. Bu bəlkədə ən düzgün qərar idi. Təkərlilərdən bezmişdik. Krakov dəmiryolundan qatarla 20 dəqiqə və biz artıq aeroportadayıq. Bu dəfə qeydiyyatı unutmuşduq, ona görə Eniklə yerlərimiz ayrı idi. Kitabımla 2 saat təyyarədə zamanım var idi. (Donna Tartt -The secret history). Lakin gözləmədiyimiz hadisə baş verdi. Təyyarə endikdən sonra bizi təyyarədən buraxmadılar. Səbəb isə çöldə yağan yağış və ildırım idi. Bax belə təhlükəsizlik önəmlidir onlar üçün. Bizim kimi "qoçaq" deyillər ki, pff. Və nə zaman buraxacaqlarını da demirdilər. İldırım bitsin sonra. Vəəə ildırım yalnız iki saat yarımdan sonra bitdi, bu qədər zamana çoxdan Bakıya uçmuşduq :) Və inanın təyyarədən aeroporta yalnızca iki addımlıq yol idi :)) Krakovdan Eindhoven aeroportuna Amsterdama nisbətən o tarixlərdə bilet daha sərfəli idi, qalacağımız hotel isə Amsterdam da idi. Düzü bu tətili 3 gün qalmış planladığımıza görə, nə normal hotellər qalmışdı, nə də ucuz biletlər. Ona görə avropa daxili nisbətən baha qiymətlərlə səyahət etmiş olduq. Demək biz Eindhovendən qatarla Amsterdama getməyi düşünürdük, lakin təyyarədən gec düşdüyümüzə görə, Hague-da yaşayan dostumuz maşınla bizim köməyimizə çatdı. Niderland balaca olduğundan şəhərlər arası həm qatarla, həm də maşınla bir saat və ya 2 saat maksimum zaman alar. Bizim hotel mərkəzdən kənar idi, Düzü elə təyyarədə niderlandlıların müsbət enerjiləri və gülərüzlü simaları ilə artıq tanış olmuşduq. Hotelə çatdıqda isə müxtəlif millətlərin çoxluğu məni təəccübləndirdi deyim, ya bir az gözlənilməz oldu deyim bilmirəm. Sakit Krakovdan sonra səsli Amsterdam məni bir az çəkindirdi. Nə də olmasa, sakitçiliyi sevirəm, sıxlıqdan qaçıram. Lakin, bu ilk təəssürat idi. Və ilk təəssürat həmişə aldadıcı olur. Mən ilk baxışdan həmişə səhv hiss edirəm və nəticə çıxardıram. İnsanlarla da beləyəm. Gec olduğundan dostumuzla hotelin yanında bir restoranda oturub yemək yeməyi qərar verdik. Və yeməklərin dadlı olmağı bizi çox sevindirdi, çünki Krakovda adi ətlə qarnirin belə dadı olmurdu. Burda hiss edirsən ki, ağız dadları pis deyl :) Dostumuzla sağollaşıb hotelə qalxdıq. Sabah bizi Hague gözləyirdi. Dostlarımızın qaldığı şəhər. 

Hague-ya biz qatarla gedəcəkdik. Bir saat. Metro və dəmiryolu hotelimizdən uzaq deyildi. 7 dəqiqə ayaqla. Euro özünün gücünü artıq bildirməkdə idi. Şəhərdaxili nəqliyyat olan qiymətlər bir saatı- 3,40 eurodan başlayırdı. Bir günlük isə 8 euro. Şəhərlər arası isə 13 eurodan.  Biletsiz nə metro stansiyasına girə bilərsən, nə də çıxa bilərsən. Krakovda məsələn səni arada bir kimsə yoxlayır. Burda etibarlıq o qədər deyil. Yəqin millət çoxluğundan. Yoxsa qarışıqlıq çox olardı. Hague vağzalında bizi dostlarımız qarşılayıb yollandıq şəhər kaənarına. Burada ailələr adətən şəhərdən kənar yaşamağı üstün tuturlar. Və budur sakit Niderland. Təmiz sərin hava, kanallar, yaşıllıqlar, tutulub açılan hava, bir-birina bitişik xüsusi evlər. Evlər dizaynı ilə sadəliyi xatırladır. Evdə bizi çiyələkli tort ilə isti çay və iki Maine Coon gözləyirdi. Kiçik söhbət, çay və yollandıq mərkəzə doğru. Mərkəz əlbəttə ki, qədim şəhərdir. Dostlarımızın da söylədiyinə görə mərkəzdə bu qədər çox insan demək olar ki, olmur. Günəşli havanın təsirindən yəqin hamı çöldə idi. Mənim üçün sıxlıq hədsiz çox idi, mağazalar, restoran və kafelər dolu idi. Niderland da bir çox avropa ölkələri kimi kondisionersiz məkanları ilə məşhurdur. Mənim üçün bu əziyyət idi. Amma yenə də bu kimi hallar mənim müsbət fikirlərimə təsir etmədi. Mərkəzi, əsas meydanı gəzdik, bir iki şəkil, dadlı Pork ribs yedikdən sonra parklardan birinə getdik. Ohh.. Park deyim, meşə deyim, qoruq deyim bilmirəm. Necə acam mən bu mövzuda. Hava tutuldu və park mənim üçün daha da gözəlləşdi. Krakov parklarından fərqli olaraq burada göl, kanallar çoxluq təşkil edir. Və hədsiz sayda çox söyüd ağacları var.. Bəli söyüd.. Bilirsiniz növbəti gedəcəyimiz yer hara idi? Şimal dənizinin sahili! Həmən gün necə xoşbəxt idim, təsəvvür edə bilməzsiniz! Mən dəniz üçün necə darıxmışdım.. Buradan dostlarımıza bizə bu xoşbəxtliklri yaşatdıqlarına görə çoxlu çoxlu çox sağ ol göndərmək istəyirəm! 

Tutqun hava, qayalıqlara çırpılan dənizin dalğaları.. və çoxlu əyləncəli anlar! Rəfiqəm ilə mən ayaqqablarımızı çıxradaraq suya saldıq. Soyuq deyildi. Oğlanlar risk etmədi :) Zamanımız az idi heyf. Sahildə gözəl bir məkanda oturduq, əvvəl çöldə əyləşmişdik. Sərin içkilər götürdük. Lakin bir də gördük işçilər diva yastıqlarını götürüb içəri aparır, leysan yağacağını anlamışdıq, lakin biz çətir altında idik, və heç də içəri keçmək istəmirdik. Sona qədər mübarizə aparmaq alınmadı, anladıq ki, belə bir yağışda bizə heç kəs yaxınlaşmayacaq, həm də dostumuz çoxdan təkid edirdi ki, keçək içəri. Gülərüz və ünsiyyətcil işçilər bizim sifarişi aldıqdan sonra söhbətlərimizə davam etdik. Gün  burda bitməsə də, mən burda yazımla sizi isti məkanda  qoyaraq, nöqtəmi qoyuram. Kamera bizim stoldan yavaş-yavaş uzaqlaşaraq ekran qaralır. Haha, heç bilmirəm niyə belə yazdım, sadəcə həmin anı kinodan bir səhnə kimi təsəvvür etdim. Dalğalı dəniz, yağan güclü yağış, isti rahat məkan, bir-biri ilə deyib gülən dostlar, şamlarla işıqlanan stollar, ilk dəfə daddığımız mussels.. Hər anımız əslində kitab və kinodan bir səhnədir. Yanılıram yoxsa?

İkinci bütöv günümüz Amsterdamda keçəcəkdi. Hague-dakı dostlarımız bura gələcəkdi. Burada biz Polşadan tanış olduğumuz sonradan Amsterdama köçən dostlarımızla da görüşəcəkdik. Dostlar çoxalırdı, müxtəlif yerlər söhbətlər bizi gözləyirdi. Albert heijn-dan dadlı kruassanlar və cübəcür snack-lər alıb gəzərək səhər yeməyini etdik. Axır ki, Amsterdamın məşhur rəngli kanallarını gördük. Şəkillər çox çəkməmişəm. Həmən an çox da şəkil yadıma düşmürdü. Muzeylər Amsterdam da çox olsa da, onlara çox zaman sərf etmədik. Yalnız əsas meydanda olan, Dam meydanında yerləşən qədim qəsri gəzdik. Planımda olan və arzuladığım Anna Frankın muzeyinə isə gedə bilmədim. Bu isə mənim səhvim idi. Çünki bileti online- günlər, həftələr hətta aylar öncə almaq lazım idi. Muzeydən sonra, yenə dadlı yemək, daha sonra gəzinti, çoxlu söhbətlər, axşam yeməyi və məşhur Red Light street-i gəzib, dostlarla sağollaşdıq. Amsterdamı mən David Nichols-un - US( Biz ) əsərindən sonra daha da çox görmək istəyirdim. Qeyd edim ki, kitab səyahət zamanı yolda oxumaq üçün ideal seçimdir.  

Amsterdam da son günümüzü sərbəst plansız keçirəcəkdik. Həftənin birinci günü idi, dostlar işdə idi artıq. Əvvəl məşhur əsərlərin yerləşdiyi böyük Rijksmuseuma baş çəkdik, bilet alan zaman işçi bizə bütün muzeyi gəzə bilməyəcəyimizi söylədi, zaman gec idi və biz çatdırmayacaqdıq. Əsas əsərlər olan mərtəbələri bizə söylədi. Və biz vaxt itirmədən başladıq tarixə səyahət etməyə. Van Gogh-un muzeyinə gedə bilməsək də, onun bir-iki əsərinə bu muzeydə rast gəldik. Amsterdama gəlib və bu muzeyə zaman ayırmaq mütləqdir. Əlbəttə incəsənətə, tarixə marağınız, sevginiz varsa. Daha sonra biz meyvə, yoqurt alıb yollandıq Vondel parka. Amsterdamın böyük, gözəl parklarından biridir. Axşam yeməyini isə işdən sonra çıxıb bizim ilə görüşən dostlarla yapon mətbəxi ilə keçirtdik. Və bizim Niderlandla ilk tanışlığımız sona çatdı. Dostlarla bu səyahət çox maraqlı keçdi. Biz isə səhər Belçikanın kəndinə getmək üçün yola çıxacaqdıq. Tətilimizin bu hissəsində biz artıq tək, şəhər həyatından uzaq olduq. Bu barədə isə növbəti yazıda. Hələlik dostlar!

MƏLUMAT

Hotel- Joy Hotel- 5 baldan 3 verərdim. Təmizlik normal. Otaqlar havasız idi. Mərkəzdən uzaqdır. Metro 5 dəqqəlik addımda yerləşir. İkea yaxınlıqdadır :) 

 

Restoranlar:

                1. The Hague- Grand Café De Tijd- Pork ribs

                2. The Hague- Beachclub Copacabana- Sea side dinner

                3. Amsterdam- Pompa -Fish and chips

                4. Amsterdam- Greenwoods Singel- Səhər yeməyi. Növbə olur. Çox doyumlu və dadlı səhər yeməkləridir. Cürbəcür seçim var. Kanalın           kənarında kiçik bir kafedir.

               5. Amsterdam- Sumo Leidseplein- Sushi bar.

 

Park- Vondel Park

 

Muzeylər:  Dam Palace

                  Rijksmuseum

                  Anne Frank Huis

                  Red Light Streets

 

Mərkəzi dəmiryolu vağzalı- Amsterdam Centraal