İTALİYA, TREVİNANO - I

Bu məqaləni yazmaqda mən çox tərəddüd edirdim. Bu kiçik səyahətin yalnız mənimlə qalmasını istəyirdim. Bölüşmək istəmirdim. Lakin paxıllıq etməməyi düşündüm. İtaliyanın paytaxtı haqqında məqaləmdə qeyd etdiyim kimi 2 günlük sehirli səyahətim haqqında sizinlə bölüşürəm.
Səyahət etdikdə əmin oldum ki, ölkələri müəyyən fəsillərə uyğun seçmək lazımdı. Lakin Trevinanoya, yəni İtaliyanın kiçik kəndinə səyahət etdikdən sonra əmin oldum ki, ilin bütün fəsillərində bura yenidən qayıtmalıyam. Özümü yaxşı tanıyırımsa bu arzumu reallaşdıracam.
İlk öncə kəndin harada yerləşdiyini və oraya hansı üsulla getdiyimizi sizin nəzərinizə çatdırmaq istərdim ki, azacıq təsvir edə biləsiniz. Bir çox araşdırmalardan sonra bu nəticəyə gəlmişdik ki, oraya yalnız maşınla getmək mümkündür. Və maşın kirayələmək üçün Hertz şirkətinə üz tutduq. Bir çox çətinlik yaşadıq. Çünki ən yaxşısı maşını əvvəldən sayt vasitəsi ilə rezerv etmək idi. Əks halda maşın tapmaq qeyri-mümkündür. Özü də yola çıxmağa bir gün qalmış. Şənbə və bazar iş günü olmadığından isə bu əlavə bir çətinlik yaradırdı. Yəni bir gün artıq maşını kirayələmli idik. Digər bir problem parkingdə avtomat rejimli maşınlar demək olar ki yox idi. Olan-qalan maşınlar ele balaca idi ki, baqaj qucağımızda getməli idik. Hər nəyisə, bir sıra danışıqlardan sonra avtomat rejimli və normal ölçülü maşın kirayələdik. Onu da qeyd edim ki, çalışın kirayələdikdə, full paket kirayələyin necə deyərlər. Bununla siz maşını sığortalamış olursunuz və əgər maşın oğurlansa belə sizin üstünüzdə qalmır. Əlavə 50 euro ödəyib başınızı belə problərdən uzaq tutmuş olursunuz. 
Romadan yola çıxdığımız gün elə yağış yağmağa başladı ki, isti sakit küləksiz Romadan bunu heç gözləmirdik. Belə yağış mən Bakıda görməmişdim. Göyün guruldaması, ildırım və sanki vedrədən tokülən yağış Romanın küçələrini turist sıxlığından təmizləmişdi. Beləliklə, islanmış halda maşına oturduq. GPS-lə seçdiyimiz marşurutla yola düşdük. Başqa bir ölkə, qanunlarından xəbərsiz 155 km-lik- 2saatlıq yola çıxmaq böyük bir məsuliyyət tələb edirdi. Amma nə yalan deyim Bakıdan rayona getdik də yolda keçirdiyim narahtçılığı keçirmirdim. Amma Enik isə tam əksinə. Maşını sürərkən yəqin başqa bir hisslər keçirdir insan ;) 
Yolboyu dəyişən hava, yolun kənarında pəncərədən izlədiyim yaşıllıqları sözlə ifadə etmək mümkün deyil. Gah günəş, gah qara buludlar, gah leysan yağış, gah yaşıl düzənliklər, arada bir qarşına çıxan kiçik qalalar, günəbaxan və qarğıdalı sahələri.. Bir sözlə filmlərdəki kimi..Bəlkə də ona görə məsafənin böyüklüyünü və yolun çətinliyini hiss etmədim. Yazdıqca düşünürəm ki, bəlkə də o müddət Enikə haqqsızlıq etmişəm :(
Onu da söyləyim ki, yol ödənişlidir. Yolboyu getdikdən sonra qarşınıza ödəmə sistemləri çıxacaq. 
Qaldığımız oteli booking.com vasitəsi ilə tapmışdım. Təsadüfən. Şəkillər və rəylər pis olmadığından buranı seçmişdik.
Daha dəqiq desək Podere otel deyil. Ev sahibi öz evinin yuxarı mərtəbəsində 4 otağı qonaqlar üçün ayırıb. İtaliyanın kəndlərinə məxsus kiçik ferma. Ev sahibi Simona çox səmimi, xoş və qonaqpərvər qadındır. Əvvəldən biz onunla əlaqə saxlamışdıq. Və o bizə yolu daha dəqiq izah etmişdi. Simona, Giuliano, kiçik qızları Maia, pişik balası və Margo, Bachy adlı itlərdən ibarət Podere Orto adlı gözəl, sevimli bir evdir. İlk ayaq atdığımız andan evi də, ailəni də çox sevdik. 
Sənəd işlərindən sonra, Simona bizi otağımıza apardı. Otağın səliqəsi, təmizliyi və zövqlü olmağı mənim könülümü oxşadı. İnteryere qarşı zəifliyim olduğundan bunu qeyd edirəm :) 
Və biz pəncərələri açdıq.. Mənzərə.. Təmiz hava.. Bihuş etdi bizi.. Sonsuz yaşıl sahələr, dağlar, çiskin hava sözlə ifadə ediləcək deyil. Təmiz havaya ehtiyacımız var idi.. Bu mənim üçün ələxsus önəmlidir.. 
Otağın hələ vanna otağını gördükdə isə sevincimin həddi-hüdudu yox idi. Yoldan gəlmişdik, nahar etməli idik. Simona xətrimizə dəyməmək üçün xüsusi ehtiyatla söylədi: " Romada qaydalar necədir deyə bilmərəm, lakin burada nahar vaxtı saat 2-də bitir. Bir də axşam yeməyi saat 8-dən sonra verilir."  Və bizə yüngül senvdviçlər yemək üçün məkanlar söylədi. Vaxtımızı itirmədən yola düşdük. Trevinanodan çox da uzaqda yerləşməyən digər bir kəndə gəlib çatdıq. San Casciano kəndi Trevinano ilə müqayisədə daha çox yaşayışlı idi. Kiçik bir kənddir. Çox səliqəli, bizim kəndlərdən tamamilə fərqli yaşayış evləri, düz və rahat maşın yolları, və tamamilə italiyanca danışan yerli əhali. Simona ingiliscə rahat danışsa da, yerli əhali demək olar ki, yalnız İtaliyan dilində danışırdı. Və çox gülərüz, ünsiyyətcil idilər. Yolda səni görsələr tanımasalar belə, təbəssümlə salamlaşırdılar, italiyan olsaydıq bəlkə də rahatlıqla söhbət də edərdilər. Beləliklə kiçik bir kafedə çox dadlı sendviçləri yeyərək gözəl mənzərədən həzz aldıq. Podere Ortoya qayıdan kimi, yorğunluq və təmiz havanın təsirindən o saniyə dərin yuxuya getdik. 
 
Simona axşam yeməyi üçün bizə digər bir fermada stol rezerv etmişdi. Podere Ortonun özündə Simona yalnız səhər yeməyini verir. Əgər nahar və axşam yeməyini yemək istəsəz sizə bir neçə restoranları sadalayacaq və əvəzinizə stolu sifariş edəcək. Hətta çaxır istəsəniz Podere Ortonun özündə Simona ailəsi ilə birlikdə üzüm bağlarından yerli çaxır istehsal edirlər. Və onların çaxırı ilə siz həmin restoranlara gedə bilərsiniz beləliklə restoran qiymətlərindən bir az sərfəli dadlı çaxırın dadına baxmış olarsınız. Və burada çaxır içib maşın sürsəniz sizə heçkim heçnə deməyəcək.
Çaxırımızı da götürüb axşam yeməyini yeməyə getdik. Meşəliyin içində taxta stol və skamyalardan ibarət bir yer idi. Sifarişimizi verdik. İtaliya mətbəxi, meşəlik, italiyanca danışan yerli əhali xoş əhval ruhiyyə ilə günümüzü bitirmək üçün gözəl sonluq idi.
Birinci hissənin sonunda isə kiçik bir video. Sehirli və nağıl dolu axşamlar :)