ALMANİYA, DREZDEN



Praqada səyahətdə olarkən, yaxınlıqda olan digər ölkələrin birinə də baş çəkməyi düşündük. Araşdırdıqdan sonra ən yaxın, tez və bir gün ərzində gedib rahat qayıda biləcəyimiz şəhər olaraq Almaniyanın Drezden şəhərini seçdik. Buna görə də Praqanın vağzalına gedərək, çox rahatlıqla Drezdenə olan qatarın vaxtlarını öyrəndik. Nəticə olaraq səhər 08:30-da çıxıb axşam 21:00-da qayıtmağı seçdik. Biletlərimizi aldıq. Aldığımız biletlər açıq biletlər sayılırdı. Yəni 15 gün ərzində bir dəfə istifadə etmək şərti ilə nə zaman istəsək gedib qayıda bilərdik. Uzun sözün qısası, biz səhər platforma 2A-dan qatarımıza minərək Drezdenə yola düşdük..
 
Yolumuz cəmi 2 saat idi. Almaniya sərhədini keçən kimi, alman aksenti ilə və ağır səslə konduktorun "Ticket, Fahrschein please" deyərək səsini eşitdik. Nə yalan deyim üzümdə təbəssüm yarandı. Almaniya! Alman dilinin necə sərt, dəqiq olduğunu çox yaxşı biləsiniz. Bir zamanlar alman dili öyrənməyə başlamışdım. Nə vaxtsa davam edəcəyimə əminəm. Beləliklə, biletlərimiz də yoxlandı. Vağzala çatan kimi, GPS-lə hansı istiqamətdə gedəcəyimizə qərar verdik. Mərkəz bir o qədər də uzaqda deyildi. Drezden küçələri ilə gəzərkən, Çexiyadan sonra tamamilə fərqli bir Avropanı kəşf etdim. Kinolardan, oxuduqlarımdan, eşitdiklərimdən bilirdim almanların necə sərt olduğunu, lakin reallıqda bunu görmək ayrı bir hiss idi. Sərt dedikdə pis mənada anlamayın. Sadəcə olaraq, qadınların geyimi, duruşu, hərəkətləri  çox sərt eyni zamanda mənim üçün gözəl idi. Ağır təbəssüm, ciddilik sanki özü qayda-qanun yaradırdı. 
1945-ci ildə Dünya müharibəsində Drezdenin demək olar ki, tamamilə dağıdılmışdı. Ona görə şəhər demək olar ki, yenidən qurulub. Tarixi binalar olan Zvinger, Dresden qəsri yenidən bərpa edilmişdi. Beləliklə biz də, Zvinger saray kompleksinə üz tutduq. Məhşur üç muzeylərə (Old Masters Picture Gallery, Royal Cabinet of Mathematical and Physical Instruments,  Dresden Porcelain Collection)  baş çəkməmək mümkün olmazdı. Aldığımız biletlə hər üç muzeyə daxil olmaq olardı. Təəssüf ki, fotoaparatla şəkil çəkmək qadağan idi. İlk olaraq
Gemäldegalerie Alte Meister rəsm muzeyinə baş çəkdik. Burada siz dahi rəssamların əsərləri ilə tanış ola bilərsiniz. Raphael-in "Sistine Madonna", Rembrandt-ın "Rape of the Ganymed", Titian-ın "The Tribute Money", Liotard-ın" The Chocolate Girl"  və s. rəssamların əsərlərini görmək mümkündür. Bu əsərlərin möhtəşəmliyi həqiqətən də insanın huşunu aparır. 
Daha sonra növbədə Farfor və Riyaziyyat və Fizika İnstrumentlərindən ibarət muzeylər var idi. 17-ci əsrin saatlarına, kompaslarına, kalkulyatoruna, qlobuslarına, teleskoplarına, tempraturu, təzyiqi, kütləni ölçən cihazlarına  baxmaq şəxsən bizə çox böyük  zövq yaşatdı. 

 
Muzey çox böyük olduğundan vaxtın necə keçdiyini hiss etmədik. Lakin acdığımızı çox yaxşı hiss etdiyimiz üçün nahar etməyə qərarına gəldik. Yerli yeməyin ( dadlı sosis və fri kartoşkası :) ) dadına baxdıqdan sonra şəhəri  gəzməyə başladıq. Demək olar ki, hamı yaşından aslı olmayaraq velisopedlə şəhərdə hərəkət edirdi. 
Drezdenə bir daha qayıdacığıma əmin oldum. Buna səbəb Großen Garten idi. Dresden Avropanın ən yaşıl şəhərlərdən biridi. 63%-i yaşıllıqdan ibarətdir. Biz isə onun yalnızca bir parklardan birini görə bildik. Gördüyümüz anla da vurulmağımız bir oldu. Ucsuz-bucaqsız yaşıllıq, yaşıllıqların arasından ya kiçik gölməçə, ya qədimi qəsr, ya böyük fontan, ya cürbəcür növ güllər qarşımıza çıxırdı. Sakitçiliyi, təmiz havanı, təbiəti sevən biri kimi bu park böyük xoş surpriz oldu. Park o qədər böyük idi ki, onu bütünlüklə gəzib qurtara bilmədik. Buraya demək olar ki, yalnız yerli əhali asudə vaxtlarını keçirməyə gəlir. Bir anlıq onlara mane olduğumuzu düşündüm. Bir sözlə Drezdendə son saatlarımızı yalnız o parkda istirahət etməklə keçdi. Kiçik şəhərləri və onların gizli, sehirli, gözəl guşələrini sevirəm. Baxmayaraq ki, ilk səyahətimdi, oxuduqlarımdan bir çox belə şəhərləri artıq özüm üçün qeyd etmişəm. Nəysə, söhbəti çox uzatmaq istəmirəm. Şəkillərə baxdıqca özünüz nə demək istədiyimi anlayacaqsanız.
P.S. Diqqətsizliyimdən fotoaparatın enerjisi Drezdenə çatdığımız an demək olar ki, bitmişdi. Ona görə şəkilləri yalnız telefonla çəkə bildim. Buna görə isə çox təəssüf edirəm.. :(
Daha sonra artıq yolumuz vağzala idi. Saat 21:00 reysinə çatmalı idik. Mənim üçün isə Almaniya hələ yeni kəşf olunurdu.. 

Məlumat

 
  1. Dresden Central Station (Drezden Dəmiryol Vağzalı) - 51.040586, 13.731424
  2. Zwinger - 51.053168, 13.733744
  3. Großer Garten  - 51.037970, 13.762822
  4. Paulaner's restoranı - 51.051901, 13.736321