DƏNİZ HAVASI

DƏNİZ HAVASI

15 dəqiqə velisopedlə, ya da 10 dəqiqə maşınla və budur dənizin soyuq, duzlu havası səni bihuş edir və sən hər şeyi unudursan. Bir sözlə desək. dənizdən cəmi 4 km məsafədə yaşamaq şansını hal-hazırda yaşamaqdayam. 3 il dənizdən uzaq, dağlara yaxın yaşadım və yenidən qayıtdım dənizə yaxın olmağa. Nə yalan deyim, bu dəfə dəniz o qədər də dərdimə dərman olmadı. Səbəbini özüm də bilmirəm. 

Dənizə yaxın olmaq, həftəsonları onun sahilində gəzmək deməkdir. Küləyin sakit saatlarında bu şansı yerlilər heç qaçırmır. Yəni hava tutqun, az yağışlı, soyuq olsa belə hamı üz tutur dəniz havası almağa. Deməzdim ki, biz hollandlar kimi qoçağıq. Bir dəfə hazırlıqsız, soyuq, az küləkli havada üz tutdum dənizə doğru. Başı açıq, nazik gödəkçə seçimi uğursuz idi və məni don vurdu. Peşman oldum? Yox. Həzzini daha yaxşı çıxarda bilərdim, lakin düzgün geyim seçməmişdim. 

 

Dərs 1. Yerlilərin başı açıq gəzməyinə baxıb, təkrar etmə! 

 

Mən donsam da, saçı-başı yaş surferlərin kefi yerində idi. Bilmirəm donmuş canımla necə görsənirdim, amma surfer mənə gülümsənəndə bacardığım qədər don vurmuş yanaqlarımla təbəssüm yaradıb, cavab verməyə çalışdım. Nəzərə də alsaq ki, isti kofe içmək üçün kafenin girişi ilə, surferlərin otağını səhv salmışdım.. :)

 

Dərs 2. Surferlərdən uzaq durmaq!

 

Bu soyuqdan qaçıb, sahildə, daxma kimi bir kafedə isti içki içmək bir işıltı idi ki, içimi isitdi. Kafe isə öz abu-havası ilə apardı məni oxuduğum mistik kitabların səhifələrinə. Hər küncündə özü ilə təmtək oturan, sirrli qəhramanlar. Yenə yad biri olaraq, sanki dalmışdım dünyalarına, onlar burda doğma idilər, mən isə yad. Ya da əksinə, onlar da mənim kimi yad, azmışdılar və isinmək üçün burada gizlənmişdilər? Orasını daha sona qədər anlamadım, zamanım da həmişəki kimi çox deyildi, ona görə qaynar kofeni başıma çəkib, qaçdım ordan.

 

Dərs 3. Bura yenidən, daha çox zaman tapıb qayıtmaq!

Bu mənim soyuq bir gündə, plansız dənizlə keçirdiyim bir gündən xülasə idi. İndi sizə bir az planlı, ailəm ilə keçirdiyim gündən danışım.

Küləksiz, qara buludlu, eyni zamanda yağıntısız +5 dərəcəli bir gündə üz tutduq dənizə doğru. 

Bu dəfə lazım olanlar:

 

1. İsti geyim

2. Elayna üçün isti su, bizim üçün isti kofe.

3. Atışdırmalıqlar. Əsasən də Elayna üçün.

4. Bir ədəd oyuncaq vedrə və qaşıq.

 

Dərs 4. +5 dərəcə və küləksiz hava= +15 dərəcə günəşli, isti, küləksiz Bakı havasına! Ona görə:

 

 

1. İsti geyim

2. Elayna üçün isti su, bizim üçün isti kofe.

3. Atışdırmalıqlar. Əsasən də Elayna üçün.

4. Bir ədəd oyuncaq vedrə və qaşıq.

 

Sahil kənarında sıxlığı görüb, anladım ki, evdə heçkəs qalmayıb. Mənzərə isə inanılmaz!

 

İtləri ilə oynayanlar, sahildə ayaqları yalın qaçan uşaqlar, qarışqa kimi dənizdə üzən surferlər... Əlil arabasında olanlar, çomağı ilə gəzən yaşlılar və s.. Dedim axı, hamı burda idi.

 

Bir tərəfdə də hippie müəllim kiçik şagirdlərinə surf dərsi keçirdi. 

 

Elaynanı atası ilə öz əyləncələrində qoyub, üz tutdum iri daşlar olan qayaqlıqlara doğru. Niderlandda küçədə evsiz adamlara rast gəlməzsiniz heç vaxt. Dövlət bunun qarşısını necəsə alıb. Küçədə yatmaq belə böyük bir cərimədi. Lakin bu dəniz necə möcüzədirsə, iti ilə sahildə, dəniz suyundan yaşıllaşmış, nəm daşların altında bir evsiz baba oturmuşdu. Iti ilə birlikdə kitab oxuyub, nahar edirdi.. Daşlardan yaradılmış körpüyə qalxıb, üz tutdum mayak tərəfə. Piyadaların çoxu mayaka çatıb, oradan dövrə vurub geri qayıdırdı. Mayakın yanında isə balıqçıların öz zaman anlayışları və dünyaları var idi..

 

Bir müddət sonra Elayna və atası da mənə qoşuldu.

 

Elayna daşların üzərindən hoppanaraq xeyli bir zaman başını qatdı, daha sonra da, biz yavaş-yavaş üz tutduq evə doğru..